...

Azərbaycanda V-XI siniflərin fənn proqramları yenidən hazırlanacaq

Cəmiyyət Materials 6 İyun 2011 14:07 (UTC +04:00)
Azərbaycanda ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ilk dəfə yeni fənn proqramları - kurikulumlar hazırlanacaq.
Azərbaycanda V-XI siniflərin fənn proqramları yenidən hazırlanacaq

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ilk dəfə yeni fənn proqramları - kurikulumlar hazırlanacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yeni fənn proqramları respublikanın bütün orta məktəblərinin V-IX və X-XI sinifləri üzrə hazırlanacaq və təsdiqlənəcək.

Həmin fənn proqramları əsasında dərslik komplektlərinin hazırlanması nəzərdə tutulur.
Bu işlər Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış maliyyələşdirmə sazişi çərçivəsində təsdiq olunan Təhsil Sektorunun İkinci İnkişaf Layihəsinin "Ümumi təhsil üzrə kurikulumun tətbiqinə dəstək və kurikulum islahatlarının davam etdirilməsi" komponentinin icrası ilə əlaqədar görülür.

Azərbaycan Nazirlər Kabineti "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında qərarı 2010-cu ilin iyununda verib. Bu sənəd "Təhsil haqqında" qanuna əsasən hazırlanıb.

Ümumiyyətlə, "Təhsil sektorunun inkişafı" üzrə ikinci layihə Azərbaycanda təhsil sahəsində bır sıra tədris islahatlarının aparılmasını nəzərdə tutur. Təhsil sektorunun inkişafı" üzrə ikinci layihə 6 komponentdən ibarətdir. Bura kurikulum islahatının aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair məlumatların keyfiyyətin yüksəldilməsində istifadəsi, təhsil idarəetmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, məktəblərdə təhsilin inkişafı, layihənin monitorinqi və qiymətləndirilməsi daxildir. Layihənin icrasına 45,4 milyon dolların ayrılması nəzərdə tutulub. Onun 25 milyon dollarını DB, 20,4 milyon dollarını isə Azərbaycan hökuməti ayıracaq.

Xəbər lenti

Xəbər lenti