Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir T.Hacıyev/
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Milli Qurtuluş Günü və Həzrəti Əlinin (ə) mövludu münasibətilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandr Ata, digər din və elm xadimləri iştirak ediblər.
İlk öncə tədbirdə İslam Universiteti tələbəsinin ifasında "Qurani-Kərim"dən surələr oxunub.
Tədbiri giriş sözü ilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə açıb. O, Həzrəti Əlinin (ə) mövludu günü münasibətilə dünya və Qafqaz müsəlmanlarını təbrik edib. Şeyxülislam Həzrəti Əlinin (ə) İslam dinində tutduğu mövqedən danışıb.
Şeyxülislam Qarabağ münaqişəsi ilə bağlı ölkə rəhbərinin apardığı siyasətin sülh və uğurla başa çatması üçün dua edib.
O, 15 iyun - Milli Qurtuluş Günü barədə də danışaraq deyib ki, Heydər Əliyevin Azərbaycanın parçalanma ərəfəsində hakimiyyətə gəlməsi ölkəni gözləyən müsibətlərdən xilas olmağa kömək edib. Həmin dövrdə baş verən proseslərin canlı şahidi olduğunu xatırladan Şeyxülislam bildirib ki, Azərbaycan dövlətinin bugünkü inkişafında ümummilli liderin böyük xidmətləri olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Həzrəti Əlinin (ə) İslam sivilizasiyasına daxil olaraq Böyük Əli obrazını yaratdığını söyləyib. O deyib ki, Həzrəti Əli (ə) bütün dünya müsəlmanları üçün böyük sədaqəti, comərdliyi, insani dəyərləri özündə təcəssüm etdirən bir şəxsiyyətdir. O, İslam Peyğəmbərinin (s.ə.v.) Həzrəti Əliyə (ə) böyük önəm verdiyini də vurğulayıb.
Orucov deyib ki, bu il Həzrəti Əlinin (ə) mövludu ilə Milli Qurtuluş Gününün eyni günə düşməsində təsadüfdən çox məntiqi bağlılıq axtarmaq lazımdır. O, 1993-cü ilin iyun ayında baş verən hadisələrdən danışaraq Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə gəldiyini vurğulayıb.
Tədbirdə akademik Hacı Vasif Məmmədəliyev, Bakının və Azərbaycanın yepiskopu Aleksandr Ata, din xadimləri və İslam Universitetinin tələbələri çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi xidmətlərdən və Həzrəti Əlinin (ə) İslam dünyası qarşısındakı xidmətlərindən söz açıblar.