...

Gürcüstanda Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Cəmiyyət Materials 25 Avqust 2011 15:38 (UTC +04:00)
Gürcüstanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans və "dəyirmi masa" keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat verilib.
Gürcüstanda Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/

Gürcüstanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans və "dəyirmi masa" keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat verilib.

"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" mövzusunda konfrans və "Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda "dəyirmi masa" DİDK-nın təşəbbüsü və təşkilatçılığı ilə Batumi şəhərində avqustun 28-29-da baş tutacaq.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının icraçı katibi Nazim İbrahimov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Milli Məclisin üzvləri - Musa Qasımlı, Qənirə Paşayeva, Gülər Əhmədova, İqtisadi İnkişaf və Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri, Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Hüseyn Nəcəfov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadənin, eləcə də Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı nəzərdə tutulub.

"Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" mövzusunda konfransın gedişatı zamanı Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən ötən iyirmi il ərzində ölkədə aparılan dövlət quruculuğu, siyasi, iqtisadi, sosial, mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatlar və onların nəticəsi olaraq Azərbaycanın Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolunun güclənməsindən bəhs edən məruzələr dinləniləcək.

"Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda "dəyirmi masa"da bu inteqrasiyaya nail olmaq üçün iki ölkə arasında qarşılıqlı əməkdaşlıq mexanizmləri, Gürcüstanda azərbaycanlı icmasının yeri, Azərbaycan və Gürcü xalqları arasında tarixi köklərə malik dostluq münasibətlərinin azərbaycanlıların cəmiyyətə inteqrasiyasında rolu, Gürcüstanda müsəlman icmasının dini etiqad azadlığının təmin olunması sahəsində mövcud vəziyyət, azərbaycanlılara gürcü dilinin tədrisinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının regionda sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin vacib şərti olmasına dair məruzə və çıxışlar səslənəcək, onlar ətrafında müzakirələr aparılacaq.

Tədbirlər çərçivəsində "Müstəqilliyimiz əbədidir", "Bir səfərin təəsüratı, yaxud sizi deyib gəlmişdik", "Gücümüz birliyimizdədir" sənədli filmlərinin nümayişi, mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" mövzusunda konfrans və "Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda "dəyirmi masa"nın işini Azərbaycan və Gürcüstandan olan 30-dək KİV nümayəndəsinin işıqlandıracağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti