...

Azərbaycanda mina mühəndisi kursları yaradılacaq

Cəmiyyət Materials 14 Sentyabr 2011 14:47 (UTC +04:00)
Azərbaycanda mina mühəndisi kurslarının yaradılması planlaşdırılır.
Azərbaycanda mina mühəndisi kursları yaradılacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda mina mühəndisi kurslarının yaradılması planlaşdırılır. Bu barədə çərşənbə günü Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib.

Onun sözlərinə görə, bu kursların açılmasında məqsəd hərbi xidmətə qədər gəncləri mina axtarışı, mina təmizlənməsi işi üzrə maarifləndirməkdir.

"Bu kurslar vasitəsilə yeniyetmələrimizi mina sahəsində hazırlıqlı mütəxəssis kimi hazırlamağı, onları ordumuz üçün hazırlıqlı əsgər kimi yetişdirməyi planlaşdırırıq" - Orucov deyib.

General-mayor Azərbaycanın müharibə şəraitində yaşadığını xatırladıb və əlavə edib ki, işğal altında olan Azərbaycan ərazilərinin çox hissəsi minalanıb, bundan əlavə, hərbi əməliyyatlar zamanı atılmış və partlamamış hərbi sursatlar var.

"Kurslarda yeniyetmələrə partlamamış hərbi sursatlarla davranmaq, onları təhlükəsiz vəziyyətə gətirmək qaydaları öyrədiləcək", - Orucov qeyd edib.

Onun sözlərinə görə, kurslar SSRİ dövründə təhsil almış, Qarabağ, Əfqanıstan müharibələrində iştirak etmiş və ehtiyata buraxılmış zabitlər tərəfindən aparılacaq.

"Onların çox böyük döyüş təcrübələri var və öz təcrübələrini yeniyetmələrlə bölüşəcəklər", - Orucov bildirib.

Onun sözlərinə görə, kurslar iki növbədən ibarət olacaq və hər növbədə 30 nəfər müdavimə dərslərin keçirilməsi nəzərdə tutulur. Kursların təşkil olunması üçün maddi-texniki baza da hazırdır.

"Kursların keçiriləcəyi sinif otaqları artıq hazırdır. Həmin sinif otaqları mina mühəndisi kurslarının təşkil olunması üçün tam münasibdir" - Orucov bildirib və əlavə edib ki, mühəndislərin təcrübi məşğələləri Güzdək aviasiya bazasının yaxınlığındakı ərazidə keçiriləcək.

"Minaların basdırılması, çıxarılması və digər təcrübi dərslər orada keçiriləcək", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti