...

Çimərlik mövsümünün yekunları ilə bağlı hesabat açıqlanıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 11:38 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümünün yekunları ilə bağlı hesabat açıqlayıb.
Çimərlik mövsümünün yekunları ilə bağlı hesabat açıqlanıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümünün yekunları ilə bağlı hesabat açıqlayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, 2011-ci il yay çimərlik mövsümündə su hövzələrində baş vermiş bədbəxt hadisələrin, boğulma hallarının sayı xeyli azalıb.

Cari ildə 310 nəfər, o cümlədən iyun ayının 1-dən sentyabrın 15-dək su hövzələrində 296 nəfər suda boğularkən xilas olunub.

FHN Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən aparılmış təhlillər göstərib ki, baş vermiş bədbəxt hadisələrin böyük əksəriyyəti vətəndaşların məlumatsızlığı və ehtiyatsızlığı, çimərlik üçün nəzərdə tutulmamış yerlərdə çimmələri, üzə bilməmələri, suya sərxoş vəziyyətdə daxil olmaları və suda davranışın elementar qaydalarından xəbərsiz olmaları səbəbindən baş verib.

Bu il su hövzələrində baş vermiş 54 bədbəxt hadisədən (o cümlədən yay mövsümündə 46) 46 nəfərin boğulma faktı çimərlik üçün yararsız, çimmək üçün qadağan olunmuş su hövzələrində qeydə alınıb.

16 nəfər Xəzər dənizinin qeyri-çimərlik ərazisində, 15 nəfər su kanallarında, 10 nəfər çaylarda, 4 nəfər göllərdə, 1 nəfər su anbarında həlak olub. Bunlardan 15 ölüm hadisəsi üzə bilməməklə, 6-sı isə spirtli içki qəbulu ilə bağlı olub.

Aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, 2011-ci il yay çimərlik mövsümündə ölkə ərazisində suda boğulma hallarının sayı ötən illərlə müqayisədə xeyli azalıb, 2010-cu ildəki 93 nəfərə qarşı 54 nəfər təşkil edib.

Hazırda Xidmətin müvafiq bölmələrində cari ilin ilkin yekunlarının təhlili aparılır. Əldə edilmiş nəticələr, növbəti ildə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılacaq profilaktik tədbirlərin təşkilində istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti