...

İsmət Abasov: Azərbaycanın meyvə-tərəvəz konservlərinin 70 faizi MDB və Avropa ölkələrinə ixrac edilir

Cəmiyyət Materials 23 Noyabr 2011 14:31 (UTC +04:00)
Meyvə-tərəvəz konservlərinin istehsalı üzrə Azərbaycan tələbatını tam təmin edir və istehsal edilmiş məhsulların 70 faizi MDB və Avropa ölkələrinə ixrac edilir.
İsmət Abasov: Azərbaycanın meyvə-tərəvəz konservlərinin 70 faizi MDB və Avropa ölkələrinə ixrac edilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir İ.İsabalayeva/

Meyvə-tərəvəz konservlərinin istehsalı üzrə Azərbaycan tələbatını tam təmin edir və istehsal edilmiş məhsulların 70 faizi MDB və Avropa ölkələrinə ixrac edilir. Trend-in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanda meyvə-tərəvəz məhsullarının emalı ilə 80 müəssisə məşğuldur. Mövcud emal müəssisələrinin gücü ildə 750 milyon şərti banka meyvə-tərəvəz konservlərinin istehsalına imkan verir.

Abasovun sözlərinə görə, ölkə əhalisinin ilboyu meyvə-tərəvəz məhsulları ilə davamlı təminatı, bu məhsulların ixrac müddətinin uzadılması məqsədilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Bakı şəhərində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran-Astara və Aran iqtisadi rayonlarında topdansatış və soyuducu anbarların tikintisi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Respublikanın rayon və şəhərlərində "Aqrolizinq" ASC tərəfindən ümumi tutumu 44,9 min ton olan 36,6 milyon manat məbləğində soyuducu anbarlar tikilib və tikinti işləri davam etdirilir.

Nazir qeyd edib ki, ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi uğurla davam etdirilir. Cari ilin 9 ayında keçən ilin eyni dövrünə nisbətən qaramalın və davarların baş sayının 1,8 faiz artmasına baxmayaraq, ət istehsalı (diri çəkidə) 4,5 faiz, süd istehsalı (fiziki çəkidə) 6,3 faiz, yun istehsalı 6 faiz artıb, 14 min 400 ton ət, 72 min 900 ton süd, 900 ton yun artıq istehsal edilib.

Abasovun sözlərinə görə, heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq son 2 il 9 ay ərzində respublikaya 1987 baş cins damazlıq heyvan gətirilib, təsdiq edilmiş Qaydalara müvafiq olaraq hüquqi və fiziki şəxslərə güzəştlə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Hazırda respublika üzrə bu heyvanların baş sayı 3587-yə çatıb.

Xəbər lenti

Xəbər lenti