...

Azərbaycan Müdafiə Nazirliyi mətbuatda əsgərə işgəncə verilməsi ilə bağlı yayılan məlumata reaksiya verib

Cəmiyyət Materials 28 Noyabr 2011 13:19 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-də əsgərə işgəncə verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Azərbaycan Müdafiə Nazirliyi mətbuatda əsgərə işgəncə verilməsi ilə bağlı yayılan məlumata reaksiya verib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi mətbuatda əsgərə işgəncə verilməsi ilə bağlı yayılan məlumata reaksiya verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bazar ertəsi Trend-ə bildirib ki, "Yeni Müsvat" qəzetinin 27 noyabr 2011-ci il tarixli sayında "Əsgər komandirin verdiyi işgəncədən öldü" başlıqlı, "Murovdakı hərbi hissədə əsgərləri çılpaq halda qarın üstündə saxlayıblar; Elçin Kərimbəyli donvurma nəticəsində dünyasını dəyişib" yarımbaşlıqlı yazı dərc edilib.

Abdullayev bildirib ki, bu yazı əsgərin valideyninin dedikləri əsasında hazırlanıb və birtərəfli qaydada kifayət qədər ciddi ittihamlar irəli sürülüb.

"Bunun qarşılığında isə nazirlikdən heç bir mövqe öyrənilməyib. Əvəzində isə "yazıda səslənən iddialarla bağlı Müdafiə Nazirliyindən rəy almaq cəhdlərimiz uğursuz alındı. Şənbə günü olduğundan nazirlikdən zənglərimizə cavab verən olmadı" fikirləri yazmaqla kifayətlənilib. Hansı ki, sözügedən yazı qəzetin altıncı səhifəsində getdiyi halda doqquzuncu səhifədə "Qarabağ müharibəsi başlansınmı" başlıqlı yazı dərc olunub və Müdafiə Nazirliyinin mövqeyi yer alıb", - o deyib.

Abdullayevin sözlərinə görə, həmin mövqe məhz şənbə günü öyrənilib və günün sonuna qədər mətbuat xidmətinin iş telefonu açıq olub, mobil telefon isə ümumiyyətlə söndürülməyib. Yazının səhəri günü, yəni noyabrın 28-də yenidən mövzu gündəmə gətirilələrək qəzetdə yer alıb və yenə də nazirliyin mövqeyi öyrənilməyib.

Rəis müavini bildirib ki, hər-hansı mətbuat orqanı belə məlumatları dərc etməmişdən əvvəl dəqiqləşdirməli və bir qədər də məsələyə həssas yanaşmalıdır. Çünki həmin yazıda səslənən ittihamların böyük əksəriyyəti həqiqətə uyğun deyil.

"Qarın, şaxtanın, dözülməz soyuğun qarşısında düşmənlə üz-üzə dayanıb Murovda xidmət edən zabit və əsgərlər bizim hamımızın balası, qardaşı, əzizləridir. Onların çəkdiyi əziyyətlərə, şərəfli xidmətlərinin üstünə bir qələmlə xətt çəkmək bizə yaraşmaz. Ona görə də, yazının yarımbaşlığında olduğu kimi ittihamları bütövlükdə əsgərlərə şamil etmək yaxşı hall deyil", - Abdullayev deyib.

O bildirib ki, Elçin Kərimbəylinin dünyasını dəyişməsi faktına gəldikdə isə, onun ölümü bu ilin aprel ayında baş verib və məsələ ilə bağlı mətbuat məlumatlandırılıb. Eyni zamanda, ölüm faktı ilə bağlı xeyli sayda insan daxili qaydada cəzalandırılıb və bir neçə nəfərə qarşı cinayət işi qaldırılıb.

"O cümlədən qəzetə şikayətçi olan Elnur Edilov barədə də. Yazıda ittiham edilən Cavad Hüseynova gəldikdə isə onun da barəsində noyabr ayının 14-də Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda həmin cinayət işi məhkəmə baxışı mərhələsindədir. Buna görə də bizim əlavə nəsə deməyimiz düzgün olmazdı", - rəis müavini deyib.

Xəbər lenti

Xəbər lenti