...

"Eurovision" müsabiqəsinə gələcək qonaqlara yalnız sertifikat almış bələdçilər xidmət göstərəcəklər

Cəmiyyət Materials 20 Dekabr 2011 11:39 (UTC +04:00)
Gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinə gələcək qonaqlara yalnız sertifikat almış bələdçilər xidmət göstərə biləcək.
"Eurovision" müsabiqəsinə gələcək qonaqlara yalnız sertifikat almış bələdçilər xidmət göstərəcəklər

Azərbaycan, Bakı, 20 dekabr / Trend müxbir İ.İsabalayeva/

Gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinə gələcək qonaqlara yalnız sertifikat almış bələdçilər xidmət göstərə biləcək. Bunu çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyi nəzdində Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, "Eurovision 2012" mahnı müsabiqəsində iştirak etmək üçün paytaxta 30-40 min nəfər gələrsə, onlara xidmət göstərmək üçün 100-150 bələdçi kifayət edəcək.

"İlkin hesablamalara görə, "Eurovision"la əlaqədar Bakıda 100-150 bələdçinin qonaqlara xidmət göstərməsi kifayət edəcək. Amma gələn turistlər "Eurovision" müsabiqəsindən qabaq və sonra Azərbaycanın regionlarına səfər etsələr, bu halda yerli bələdçilər onlara xidmət göstərməli olacaqlar", - Aslanov qeyd edib.

Prorektor bildirib ki, hazırda Azərbaycan Turizm İnstitutunda Bakı, onun ətraf əraziləri, Abşeronda təşkil olunacaq infoturlar üçün bələdçilər hazırlanır. Həmin dövrdə turist qrupları yığıldıqca onlar üçün Qobustan, Qala, Atəşgah və digər gəzməli yerlərə turlar təşkil olunacaq.

Aslanovun sözlərinə görə, paytaxtda həm də ayrı-ayrı müəssisələrin, muzeylərin bələdçiləri fəaliyyət göstərir. Turist qrupları həmin vaxt muzeylərə və digər turizm obyektlərinə daxil olduqda artıq onlara müəssisələrin bələdçiləri xidmət göstərəcəklər.

İnstitut rəsmisi hesab edir ki, müəssisə bələdçiləri də nəzərə alınsa, onda "Eurovision 2012" ilə əlaqədar qonaqlara xidmət göstərmək üçün yetərincə bələdçi olacaq.

Azərbaycanda bələdçi əməyinin sertifikatlaşdırılmasına bu ildən başlanılıb. Sertifikat almaq üçün hər bir bələdçinin Azərbaycan Turizm İnstitutunda təşkil olunan bələdçi kurslarında iştirak etməsi və akkreditasiyadan keçməsi vacibdir. Bələdçilər akkreditasiyadan keçmək üçün müvafiq sənədlər təqdim etməli, daha sonra bələdçi bələdçilik edəcəyi dil üzrə imtahan verməlidir. Bununla bağlı yaradılmış müvafiq komissiya bələdçilərin Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, memarlığı və digər sahələrdə biliklərini yoxlayır. Bu tələblərə cavab verən bələdçilərə sertifikat verilir və onlar 5 il ərzində bələdçilik fəaliyyəti göstərmək hüququ əldə edirlər.

Xəbər lenti

Xəbər lenti