...

Bakının zəlzələyə həssas əraziləri açıqlanıb

Cəmiyyət Materials 23 Yanvar 2012 11:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi Bakının zəlzələyə daha həssas ərazilərini açıqlayıb.
Bakının zəlzələyə həssas əraziləri açıqlanıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi Bakının zəlzələyə daha həssas ərazilərini açıqlayıb.

Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bazar ertəsi Trend-ə deyib ki, Bakıda və Abşeronda ümumiyyətlə zəlzələ episentri yoxdur. Zəlzələ episentrlərinin hamısı Xəzər dənizindədir.

Onun sözlərinə görə, buna görə də Bakıda yalnız Xəzərdəki zəlzələ ocaqlarından təsir dairələri var. Geoloji quruluşundan, qrunt sularının səviyyəsindən, layların yatımından asılı olaraq, Xəzərdə baş verən zəlzələlərdən Bakıda müxtəlif dərəcəli təkanlar hiss oluna bilər. Ümumilikdə isə Bakının dəniz kənarı əraziləri zəlzələyə qarşı daha həssas hesab edilir. Bu, həmin ərazilərin gilli-qumlu olması ilə izah edilir. Amma əsas süxurları qaya, əhəng daşlarından ibarət olan yerlərdə seysmik dayanıqlıq həmin ərazilərə nisbətən bir bal çoxdur.

"Sabunçu, Yasamal rayonları və digər sahələrdə əhəng daşı əsas süxur növünü təşkil edir. Ona görə də orada seysmik dayanıqlıq dənizkənarı ərazilərə nisbətən bir bal artıqdır. Eyni zəlzələ dənizkənarı ərazidə 8 bal gücündə hiss edirlərsə, orada 7 bal gücündə hiss olunacaq", - Mərkəz direktoru qeyd edib.

Yetirmişli neft-qaz yataqları olduğundan Azərbaycanda güclü zəlzələlərin baş verməsinin mümkünsüzlüyü barədə səslənən fikirlərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, güclü zəlzələlərin baş verib-verməməsi neft-qaz çıxarma ilə əlaqəli deyil və bu məsələlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycanda güclü zəlzələlərin baş verdiyini xatırladan Yetirmişli deyib ki, neft yerin 6-7 km dərinliyindən çıxdığı halda, zəlzələ ocaqları 30-65-75 km dərinlikdə olur.

Xəbər lenti

Xəbər lenti