...

Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni beş illik layihə hazırlanır

Cəmiyyət Materials 24 Yanvar 2012 15:40 (UTC +04:00)
Dünya Bankı (DB) Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni beş illik layihə hazırlayır
Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni beş illik layihə hazırlanır

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Dünya Bankı (DB) Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni beş illik layihə hazırlayır.

Təhsil Nazirliyində "Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi"nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov çərşənbə axşamı Trend-ə bildirib ki, "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi"nin üç əsas komponenti var. Həmin komponentlər ali təhsilin keyfiyyətinin təminatı, ali təhsil sistemində maliyyələşdirmə, ali təhsildə tənzimlənmə və idarəetmədir.

Layihənin ali təhsil sistemində maliyyələşdirmə komponentinə uyğun olaraq, universitetlərə qrantların verilməsi nəzərdə tutulur.

Rüstəmov bildirib ki, ali məktəblərə qrantların verilməsi bir universitetdə yeganə olan ixtisasın digər ali məktəblərdə də açılması üçün işlərin görülməsinə imkan verəcək. İstənilən ali məktəb yeni ixtisas açmaq üçün qrant təklifi hazırlaya və onu maliyyələşdirmək üçün təqdim edə bilər.

Layihənin əlaqələndirmə qrupunun rəhbərinin sözlərinə görə, "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi" ötən ilin sonunda hazır ola bilərdi. Amma bu layihəni ölkə Prezidentinin sərəncamı ilə ötən ildən hazırlanmağa başlanan Təhsil Strategiyasına uyğunlaşdırmaq məqsədilə onun tam hazırlanıb başa çatdırılması ləngidilir.

Rüstəmov deyib ki, fevralda Dünya Bankının təhsil missiyası Azərbaycana səfər edəcək. Səfər zamanı DB missiyası ilə layihə ilə bağlı müzakirələr aparılacaq və atılacaq növbəti addımlar dəqiqləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti