...

Dünyanın müxtəlif ölkələrində Azərbaycanlıların Soyqırımı Günü qeyd olunacaq

Cəmiyyət Materials 30 Mart 2012 16:50 (UTC +04:00)
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırım qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək.
Dünyanın müxtəlif ölkələrində Azərbaycanlıların Soyqırımı Günü qeyd olunacaq

Azərbaycan, Bakı, 30 mart /Trend/

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırım qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə keçiriləcək tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçilər və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə fakt və sənədlərə əsaslanan məlumatlar veriləcək, soydaşlarımız dünya ictimaiyyətini bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər.

1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən də yad ediləcək.

Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları Konqresi və bir sıra gənclər təşkilatları tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir neçə tədbir keçiriləcək. Tbilisi və regionlarda keçiriləcək tədbirlərdə gürcü və azərbaycanlı ziyalıların, gənclərin, dövlət məmurlarının və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Martın 31-də Qazaxıstanın Astana şəhərində "Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı"nın təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə rus, tatar, ukrayna, belarus, polyak, Koreya, alman, özbək, türk mədəniyyət mərkəzlərinin rəhbərləri, görkəmli ictimai xadimlər, J.Jakupov adına Beynəlxalq Hüquq Müdafiə Mərkəzinin rəhbəri, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər səfirliklərin nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak edəcəklər. "Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı"nın prezidenti, tarix elmləri doktoru, professor Vidadi Salahov "1918-ci ildə "Daşnaksütyun" partiyasının rəhbərliyi və bolşevik hərbi birləşmələrinin dəstəyi ilə erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış soyqırım" mövzusunda məruzə ilə çıxış edəcək.

Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyaları tərəfindən də Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş anım mərasimləri keçiriləcək. Tarixçi alimlərin, universitet müəllimlərinin iştirakı ilə İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycandan xüsusi dəvət olunmuş qonaqlar, o cümlədən 1992-ci ildə erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırım aktının canlı şahidi Xədicə Orucova da iştirak edəcək.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşəcək. Görüş zamanı kitabxanaya 31 mart hadisələrindən bəhs edən ərəb dilində kitablar, "Azərbaycan həqiqətləri 1917-1920-ci illərdə", Dövlət Teleqraf Agentliyi AzərTAc tərəfindən 5 dildə yeni hazırlanmış "Xocalı XX əsrin soyqırımı", "Azərbaycan tolerantlıq məkanı" kitablarını və erməni millətçilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu sayda sənəd, material və fotoşəkillər təqdim olunacaq.

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri, konfrans və "dəyirmi masa"lar Avropanın bir sıra ölkələrində, o cümlədən Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland və İsveçdə də keçiriləcək.

Martın 31-də Almaniyanın eyni zamanda bir neçə şəhərində müxtəlif aksiyalar keçirməklə soydaşlarımız soyqırım qurbanlarının xatirəsini yad edəcək, ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər. Belə ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) ölkənin rəsmi və qeyri rəsmi qurumlarına, həmçinin Azərbaycan və Türk cəmiyyətlərinə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məktublar göndərəcək, daha sonra Berlində Brandenburq Qapıları qarşısında mitinq təşkil edəcək. AAKM, Azərbaycan Evi və Türk-Azərbaycan Birliyi təşkilatları tərəfindən tərəfindən təşkil olunacaq aksiyada Azərbaycan-Alman Həmrəyliyi Cəmiyyəti, Cənubi Azərbaycan Akademiklər Birliyi, ASN, Alman-Azərbaycan Akademiklər Birliyinin üzvləri iştirak edəcəklər. Berlində AAKM tərəfindən Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə 1918-ci il 31 mart qurbanlarının anım mərasimi keçiriləcək. Bundan əlavə, Nürnberq şəhərində "Odlar Yurdu", Maqdeburqda "Zaksen Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Dostluq Cəmiyyəti", Drezdendə "Alm.az" cəmiyyəti tərəfindən də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi və konfranslar keçiriləcək.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ABŞ və Kanada da keçiriləcək. Los-Anceles şəhərində "Amerika-Azərbaycan Şurası", Hyustonda "Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiasiyası", Mayamidə "Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası", Vaşinqtonda USAN (Amerika Azərbaycanlıları Şəbəkəsi), Nyu-Yorkda "Amerika-Azərbaycan Cəmiyyəti" və "Azərbaycan Nyu-York Assosiasiyası" tərəfindən keçiriləcək tədbirlərdə 1918-ci il hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kəndin xarabalığa çevrildiyi qeyd olunacaq. 1918-ci il hadisələri zamanı Qubada ermənilərin xüsusi qəddarlıqla törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktların üzə çıxarıldığı qeyd olunacaq.

Martın 31-də "Kanada Azərbaycan Təşkilatlar Assambleyasına" üzv olan cəmiyyətlər, bu ölkədə təhsil alan azərbaycanlı gənclər və Türk diasporunun nümayəndələri Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ottava şəhərində Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirməyi planlaşdırıblar.

Aprel ayının 1-də Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçiriləcək. Tədbirdə 1918-ci il 31 mart qırğınlarının dəhşətlərindən bəhs edən filmin nümayişi, foto-sərginin təşkili nəzərdə tutulub. Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin sədri İmaməddin Qasımov erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vandalizm aktları barədə ətraflı məlumat verəcək. Bundan əlavə, aprelin 2-də Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın səsi" radiosunda ingilis dilində "Türk və Azərbaycan soyqrımları" adlı verilişin yayımlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti