...

"Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2012 17:05 (UTC +04:00)
Quba şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Sosial Xidmətlər Təşəbbüsü"nün Quba və İsmayıllı rayonlarında birgə həyata keçirdiyi "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib.
"Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Quba şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Sosial Xidmətlər Təşəbbüsü"nün Quba və İsmayıllı rayonlarında birgə həyata keçirdiyi "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, dünyaya fəal inteqrasiya yolunu tutan Azərbaycan sağlamlıq imkanları məhdud uşaqlara alternativ qayğı sahəsində qabaqcıl dünya təcrübəsinə xüsusi önəm verir.

Qeyd olunub ki, 2006-2015-ci illər üçün "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və Alternativ Qayğı Dövlət Proqramı" çərçivəsində 2011-ci ildə və cari ildə nazirliyin tabeliyindəki internat evlərindən 28 uşağın ailələrinə qovuşması təmin edilib və bu sahədə həm institusional səviyyədə, həm də əməli baxımdan işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ildən etibarən ilk dəfə dövlət sifarişi əsasında Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə birgə Bakı, Sumqayıt, Gəncə, Xaçmaz və Şəkidə əlilliyi olan uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətlərinin pilot layihəsinin icrasına başlayıb.

Nazirlik risk qrupunda olan uşaqların sosial reabilitasiyası sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildən "Ümidli Gələcək" Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə QHT Alyansının "Uşaqlara və ailələrə hüquqi yardım mərkəzi" və "Zorakılığa məruz qalmış uşaqların reabilitasiyası mərkəzi" layihələrinin icrasını dəstəkləyir. Həmin mərkəzlərin fəaliyyəti üçün nazirliyin Sabunçu rayon ƏSMM-nin inzibati binasında müvafiq yer ayrılıb.

"Səyyar reabilitasiya xidmətləri" layihəsi çərçivəsində hər iki rayonda yaradılaraq nəqliyyatla təmin edilmiş 4 nəfərlik səyyari xidmət dəstələri tərəfindən xidmət müəssisələrindən uzaqda, ucqar kəndlərdə yaşayan 3-12 yaşlı 120-dən çox əqli geriliyi olan uşaqlara öz evlərində mütəmadi qaydada ixtisaslaşmış icma əsaslı reabilitasiya xidmətləri göstərilib. Həmçinin, onların valideynləri ilə maarifləndirmə işləri aparılıb, müvafiq hallarda uşaqlar reabilitasiya avadanlıqları ilə təmin edilib.

Uşaqlardan 35 nəfəri üçün Fərdi Reabilitasiya və Qayğı Planı üzrə davamlı psixo-sosial xidmətlər göstərilib və onların əksər hissəsinin gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün onlarda zəruri bacarıq və vərdişlərin yaradılması məqsədinə nail olunub. Eyni zamanda, sosial xidmət müəsissəsinə verilmək riski yüksək olan 21 uşağın artıq internat evlərinə yerləşdirilməsi zərurəti aradan qalxıb.

Müşavirədə "Səyyar reabilitasiya xidmətləri" layihəsinin icrası işlərinin nəticələri barədə geniş məlumatlar verilib, səyyar şəkildə həyata keçirilmiş xidmətləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Quba rayonunun Alekseyevka kəndində yaşayan 6 yaşlı Elvin İsmayılova göstərilən səyyar reabilitasiya proqramına baxış olub.

Xəbər lenti

Xəbər lenti