...

Azərbaycanda əlavə yerləşdirmə nəticəsində məktəblərə müəllim kimi qəbul olunanların yekun sayı açıqlanıb

Cəmiyyət Materials 25 Oktyabr 2012 11:45 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün orta məktəblərin boş qalan və imtina olunan müəllim yerlərinə aparılmış əlavə yerləşdirmənin yekun nəticələrini açıqlayıb.
Azərbaycanda əlavə yerləşdirmə nəticəsində məktəblərə müəllim kimi qəbul olunanların yekun sayı açıqlanıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün orta məktəblərin boş qalan və imtina olunan müəllim yerlərinə aparılmış əlavə yerləşdirmənin yekun nəticələrini açıqlayıb.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, boş qalan və imtina olunan yerlərə sentyabrın 7-də aparılmış əlavə yerləşdirmənin və sentyabrın 10-da keçirilmiş müsahibənin nəticəsinə görə 167 müəllim işə qəbul olunub.

Yalnız bir necəsi istisna olmaqla, müəllimlərin demək olar ki, hamısı Azərbaycan bölməsi üzrə işə götürülüb.

Əlavə yerləşdirmə daha çox Azərbaycan dili və ədəbiyyatı fənni üzrə aparılıb. Bu ilki tədris ilində 53 nəfər Azərbaycan dili və ədəbiyyatı üzrə işə qəbul olunub. Onlardan yalnız biri rus bölməsi üzrə dərs deyir. Əlavə yerləşdirmə zamanı 38 tarix, 16 ibtidai sinif müəllimi işə qəbul olunub. İşə yeni qəbul olunanlar arasında biologiya, ingilis dili, fizika, kimya, informatika, riyaziyyat müəllimləri də var.

Əlavə yerləşdirmə zamanı ən az müəllim rus dili (1 yer), gənclərin çağırışa qədərki hazırlığı (1 yer) və təsviri incəsənət (3 yer) fənləri üzrə olub. Müəllimlərin hamısı Azərbaycanın rayonlarındakı orta məktəblərə işə götürülüblər.

Qeyd edək ki, bu il ümumilikdə orta məktəblərdə və peşə liseylərində 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılıb. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Müsabiqəyə ümumilikdə 15467 nəfər buraxılıb. Müəllimlərin işə qəbulu üçün əsas müsabiqə iyul-avqust aylarında aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti