...

Atasının məktəbini davam etdirən alim (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2012 09:00 (UTC +04:00)
Azərbaycanda milli nəzəri elektrotexnika məktəbinin banisi, ölkə energetikası üçün çoxsaylı energetiklər hazırlayan məşhur pedaqoq, elm xadimi Zəki İsgəndər oğlu Kazımzadənin yaratdığı məktəbin davamçılarından olan, noyabrın 5-də 70 illik yubileyini qeyd edən professor Rəna Kazımzadə ömrünün təqribən 50 ilini müasir dövrümüz üçün çox əhəmiyyətli olan bu elmə həsr edib.
Atasının məktəbini davam etdirən alim (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda milli nəzəri elektrotexnika məktəbinin banisi, ölkə energetikası üçün çoxsaylı energetiklər hazırlayan məşhur pedaqoq, elm xadimi Zəki İsgəndər oğlu Kazımzadənin yaratdığı məktəbin davamçılarından olan, noyabrın 5-də 70 illik yubileyini qeyd edən professor Rəna Kazımzadə ömrünün təqribən 50 ilini müasir dövrümüz üçün çox əhəmiyyətli olan bu elmə həsr edib.

Hazırda Azərbaycan Dövlət Neft Akademiyasında işləyən Rəna Kazımzadə burada aspirantdan kafedra müdiri vəzifəsinədək yüksəlib.

Zəki Kazımzadə onun atası olmaqla yanaşı, həm də müəllimi olub. Hələ orta məktəb illərindən atasını daim yazı masası arxasında işləyən görən Rəna Kazımzadə onun ixtisası ilə elə o zamandan maraqlanmağa başlayıb, lazım olduqda isə atasına müəyyən işlərdə yardım göstərib: "Atamın böyük diqqətlə tələbələrinin işlərini qiymətləndirdiyini görəndə, mənim bu elmə marağım gündən-günə artırdı. Bu maraq məni həmin ixtisas üzrə 1965-ci ildə Neft Akademiyasının aspiranturasına gətirdi".

1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirən Rəna Kazımzadə elə həmin ildə də Neft Akademiyasının aspiranturasına daxil olub və o zamandan elmi fəaliyyətə başlayıb. 2000-ci ildən akademiyanın Elektrotexnika və elektrik təchizatı kafedrasına rəhbərik edir.

48 yaşında ikən həyat yoldaşını itirən Rəna Kazımzadənin bir oğul, bir qız övladı, dörd nəvəsi var. Övladlarını və nəvələrini həyatının ən gözəl hədiyyəsi sayan Rəna xanım elmi fəaliyyətindəki uğurlarını sonsuz sayır. Bir çox dərsliklərin, monoqrafiyaların, elektrotexnika sahəsi üzrə beş dildə (Azərbaycan, alman, fransız, türk, ingilis) terminologiya lüğətinin müəllifi olan Kazımzadə bu əsərləri ilə indiki və gələcək nəsillərə bir töhfə verib: "Bunlar hamısı mənim uğurumdur. Çünki 2000-ci ilədək elektrotexnika sahəsi üzrə Azərbaycan dilində ədəbiyyat demək olar ki, yox idi. Ancaq bu son 12 ildə biz bir çox ədəbiyyatlar yaratmağa nail olmuşuq. Mən buna ancaq sevinirəm".

Alim atası Zəki Kazımzadə tərəfindən yazılmış, 1953-cü ildə çap edilmiş "Elektrotexnikanın nəzəri əsasları" dərsliyinin 2010-cu ildə yenidən çap edilməsini də özünün ən böyük uğuru sayır. 50 ilə yaxındır tələbələrinə dərs deyən Rəna Kazımzadə məzunların hər buraxılışında müəllim kimi eyni həyəcanı keçirir, müəllim kimi də tələbələrinin uğuruna sevinir.

"Hərdən harasa gedəndə görürəm ki, qabağıma ağsaçlı bir insan çıxaraq mənə "Salam, müəllimə. Siz filan vaxtda mənim müəlliməm olmusunuz" deyir. Saçı ağarmış insanlar mənə belə müraciət edəndə hiss edirəm ki, artıq yaşlanmışam. Ancaq yaşlı olsam da, özümü qoca hiss etmirəm", - xanım Kazımzadə deyir.

Hazırda elektrotexnika sahəsi üzrə iki yeni dərsliyin hazırlanması ilə məşğul olan Rəna Kazımzadə 70 yaşını haqlamasına baxmayaraq, bu gün özünü işsiz, elmi fəaliyyətsiz təsəvvür edə bilmir. "İşləməsəm, həyatım çox maraqsız olar. Sakit həyat mənim üçün ölümdür" deyən alim bu gün də elmimizə yeni töhfələr vermək üçün əlindən gələni edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti