...

Azərbaycanın orta məktəblərində şahmat fənninin tədrisi ilə bağlı yeni təklif

Cəmiyyət Materials 19 Dekabr 2012 15:08 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov orta məktəblərdə şahmat fənnini keçən müəllimlər üçün sertifikatlaşdırma prosedurunun tətbiqini təklif edir.
Azərbaycanın orta məktəblərində şahmat fənninin tədrisi ilə bağlı yeni təklif

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov orta məktəblərdə şahmat fənnini keçən müəllimlər üçün sertifikatlaşdırma prosedurunun tətbiqini təklif edir.

İbrahimov çərşənbə günü Trend-ə bildirib ki, onun bu təklifi nazirliyin rəhbərliyi tərəfindən qəbul edilərsə, orta məktəblərdə şahmat fənnini yalnız sertifikat almış müəllimlər tədris edə biləcəklər.

Onun sözlərinə görə, şahmat fənnini keçmək üçün müraciət edənlərin sayı çoxdur. Sertifikatlaşdırma həmin şəxslərin arasından ən yaxşısını seçməyə imkan verəcək.

Şöbə müdiri hesab edir ki, ali pedaqoji təhsilli, şahmatı bilən mütəxəssisləri şahmatın tədrisinə yönəltmək vacibdir. Onun sözlərinə görə, ali pedaqoji təhsilli idman ustalarına şahmatı keçməyə icazə verilir.

"Amma müraciət edən şəxs idman ustası deyilsə, şahmatı bilirsə, pedaqoji təhsili varsa, təlimlərdə iştirak edib sertifikat alaraq şahmatı tədris edə bilər. Biz artıq iki dəfə şahmatla bağlı təlim kursu keçirmişik. Gələn il də belə kurs təşkil edəcəyik. Rəhbərliyin müvafiq göstərişi olarsa, növbəti təlimlərdə iştirak edənlər üçün sertifikatlaşdırma həyata keçirilə bilər. Mən bunu nazirliyin rəhbərliyinə təklif edəcəyəm", - İbrahimov deyib.

Şöbə müdiri bildirib ki, orta məktəblərdə şahmatın tədrisinə bu ilin yanvarından başlanılıb. Hazırda 75 pilot məktəbin III, 379 məktəbin isə II sinif şagirdlərinə şahmat tədris edilir. Gələn il III siniflərində şahmat keçilən məktəblərin IV siniflərində də bu fənn tədris ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti