Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Cəfərov/
İranın Xəzər sahillərindəki Ənzəli, Nuşəhr, Sədra (Neka), Türkmən limanlarında aparılmış araşdırmalar nəticəsinə məlum olub ki, ötən 16 il ərzində (1996-2012) dənizin suyunun səviyyəsi 80 sm aşağı düşüb. Bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin direktoru Cavad Məlik deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Məlik buna səbəb kimi yağıntıların az olması, Xəzəryanı bölgələrdə quraqlıqların baş verməsi ilə yanaşı, dənizə tökülən çayların suyunun azalmasını göstərib.
Xəzərin sahəsi 380 min kv.km-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzər okean səviyyəsindən 28 m aşağıda yerləşir.