...

Azərbaycanda erkən doğulan 500 qramlıq uşaqlara müasir aparatlarla qulluq ediləcək

Cəmiyyət Materials 24 Dekabr 2012 11:58 (UTC +04:00)
Azərbaycanda neonatal yardım göstərən müəssisələrin hamısında 500-600 qram çəkidə, hamiləliyin 22-ci həftəsində doğulan uşaqlara qulluq edilməsinə imkan verən müasir aparatların quraşdırılması nəzərdə tutulur.
Azərbaycanda erkən doğulan 500 qramlıq uşaqlara müasir aparatlarla qulluq ediləcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda neonatal yardım göstərən müəssisələrin hamısında 500-600 qram çəkidə, hamiləliyin 22-ci həftəsində doğulan uşaqlara qulluq edilməsinə imkan verən müasir aparatların quraşdırılması nəzərdə tutulur. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Onun sözlərinə görə, bu məsələ SN-in yeni hazırladığı, 2013-2018-ci illəri əhadə edən "Ana və uşaqların sağlamlığının mühafizəsi üzrə Dövlət Proqramı"nın layihəsində öz əksini tapıb. Layihə artıq təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edilib.

"Əvvəl bütün dünyada 500-600 qram çəkidə doğulan uşaqlar diri sayılmırdı. Ancaq indi yeni meyarlara keçid üçün işlər aparılır. Bu, o deməkdir ki, neonatal yardım göstərən müəssisələrin hamısında 500-600 qram çəkisi olan, 22-ci həftədə doğulan uşaqlara qulluq üçün aparatlar olmalıdır. Bu aparatlar çox bahalıdır", - Poladov deyib.

Yeni proqram layihəsini olduqca əhəmiyyətli sənəd sayan nazirlik rəsmisi bildirib ki, layihədə regionlarda tikilən 7 Perinatal mərkəzin işinin gücləndirilməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması, ana və uşaqlara yardım xidmətində islahatların gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sovet səhiyyə sisteminin qaydalarına görə, 22 həftəlik uşaq diri doğulma deyil, düşük hesab olunurdu. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, 22 həftəlik 500 qramla doğulan uşaqlar "diri doğulan uşaq" kimi qəbul edilməlidir. Hazırda Azərbaycanda da bu meyara keçid üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti