(İlk xəbər 12.59-da yayılıb. I və II abzas əlavə edilib)
Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Çoxilliik meteoroloji məlumatlara əsasən, yanvarda Bakıda ən yüksək temperatur 1979-cu ildə qeydə alınıb. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Departamentdən bildirilib ki, həmin ildə Bakıda yanvar ayında ən yüksək temperatur 22,3 dərəcə isti olub.
Departamentin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 13-18, rayonlarda isə 15-20 dərəcə isti olacaq. Belə hava şəraitinin müşahidə edilməsinin səbəbi ölkə ərazisində cənubdan nisbətən isti hava cərəyanının daxil olmasıdır.
Departamentdən bildirilib ki, ölkə ərazisində belə hava şəraiti 2-3 gün davam edəcək. Yaxın günlərdə gündüz saatlarında gözlənilən temperatur yanvar ayına xas deyil.
Qeyd edək ki, son bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında mülayim hava şəraiti müşahidə edilir. Bakıda mövcud olan temperatur çoxillik iqlim normasından yüksək hesab olunur.