Azərbaycan, Bakı, 22 fevral /Trend/
Bakıda Azərbaycan Parodontologiya Cəmiyyəti (PERIOAZ) və Azərbaycan Estetik Stomatologiya Assosiasiyası (ESTEAZ) Parodontologiya və Estetik Stomatologiya üzrə beynəlxalq EstePerio2013 konqresi keçiriləcək.
Konqres 25-27 Aprel 2013-cü il tarixlərində Bakı şəhərində yerləşən ITC Beynəlxalq Biznes Mərkəzinində keçiriləcək. Konqresdə plastik və regenerativ parodontoloji cərrahiyyə, implantologiya və estetik stomatologiya, o cümlədən, konqres öncəsi master-klasslara böyük diqqət yetiriləcək.
Bu beynəlxalq görüşdə parodontologiya və estetik stomatologiyadakı son nailiyyətlər və perspektivlər, Prof. Camillo D'ARCANGELO
(İTALİYA), Prof. David HERRERA (İSPANİYA), Prof. Moshe GOLDSTEiN (İSRAİL), Prof. Bahar KURU (TÜRKİYƏ), Prof. Andrea PİLLONİ (İTALİYA), Prof. Selçuk YILMAZ (TÜRKİYƏ), Dos. Ramiz ƏHMƏDBƏYLİ (AZƏRBAYCAN), Dos. Nikos MARDAS (BÖYÜK BRİTANİYA), Dr. Cavid ƏHMƏDBƏYLİ (AZƏRBAYCAN) kimi dünyaca məhşur qabaqcıl mütəxəssislərin nəticə və tədqiqatları müəlliflərin özlərinin iştirakı ilə müzakirə olunacaq.
Əlavə olaraq Parodontologiya və Estetik Stomatologiya sahəsində tədqiqatçılar və klinisistlər stend təqdimatları şəklində mülahizələr təqdim etmək üçün orijinal tədqiqatların tezislərini nümayiş etdirəcəklər. İki ən yaxşı təqdimat EstePerio2013 Tədqiqat Poster Mükafatına layiq görüləcək.
Konqresin rəsmi danışıq dili ingilis dilidir. Azərbaycan və rus dillərində sinxron tərcümə də təqdim olunacaq. Bu toplantıya dünyanın müxtəlif ölkələrindən iştirakcılar gələcəklər.
Təntənəli qarşılanma mərasimi 25 Aprel 2013-cü il tarixlərində Bakı Filarmoniyasında, yekun ziyafət gecəsi isə 27 Aprel 2013-cü il tarixlərində Bakı Biznes Mərkəzinin tədbir zalında olacaq.