...

"ZQAN Holding" Novruz sevincini uşaqlarla bölüşüb

Cəmiyyət Materials 19 Mart 2013 16:00 (UTC +04:00)
Novruz bayramının gözəl ənənələrinə sadiq qalaraq, "ZQAN Holding" bir sira xeyriyyə aksiyalarına start verərək bu bayramı xüsusi qayğı və yardıma ehtiyacı olan uşaqlarla birlikdə keçirib.
"ZQAN Holding" Novruz sevincini uşaqlarla bölüşüb

Azərbaycan, Bakı, 19 mart /Trend/

Novruz bayramının gözəl ənənələrinə sadiq qalaraq, "ZQAN Holding" bir sira xeyriyyə aksiyalarına start verərək bu bayramı xüsusi qayğı və yardıma ehtiyacı olan uşaqlarla birlikdə keçirib.

Valideyn qayğısından məhrum olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən 500-dən çox uşaq ZQAN Holding-in sayəsində 19 və 23 mart tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşаçılar Teatrında təşkil edilmiş bayram şənliklərində Novruzun sevincini tam şəkildə hiss edib.

Uşaqlar əvvəl holdinq əməkdaşları ilə birlikdə M.Müşfiqin nağılı əsasında səhnələşdirilmiş "Kosa ilə Keçəlin Şəngülüm, Şüngülüm, Məngülüm nağılı" tamaşasını seyr ediblər. Səhnədəki aktyorların gözəl oyunu uşaqları və holdinq əməldaşlarını çox sevindirib, zalda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Tamaşadan sonra ZQAN Holding-in əməkdaşları bütün uşaqlara bayram hədiyyələrini təqdim ediblər.

Uşaqlarla birlikdə bu anın sevincini bölüşən ZQAN Holding-in İdarə heyətinin sədri Vaqif Həsənov bu cür aksiyaların vacibliyini vurğulayaraq deyib: "Bu, bizim sizinlə birinci göruşümüz deyil. Yeni ildə olduğu kimi, bu dəfə də Novruzu, baharın gəlməsinin sevincini sizinlə bölüşmək qərarına gəldik. Hər birimiz heç olmasa bir insana sevinc bəxş etməyin nə qədər vacib olmasını yaxşı bilirik. Uşaqları sevindirmək isə ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Məhz, bu yüksək amalları əsas tutaraq, "ZQAN Holding" bu tipli aksiyaları gələcəkdə də davam etdirəcək. Bayram şənliklərində holdinqin əməkdaşlarının kollektiv şəkildə iştirak etməsində məqsədimiz hər bir uşaqda ailəyə inam hissi yaratmaq, onlara əsl bayram sevinci bəxş etməkdir".

Qeyd edək ki, "ZQAN Holding" mövcud olduğu müddətdə müxtəlif xeyriyyə layihələrinə imza atıb. Belə ki, holdinqə məxsus şirkətlərdən biri olan "M-Trans" uzun müddətdir ki, Bakıdakı 1 saylı uşaq evinə maddi dəstək göstərir.

"ZQAN Holding" Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. "ZQAN Holding" ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. ZQAN Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti