...

Cəlilabad şəhərində baş verən ağır cinayətin təfərrüatları rəsmən açıqlandı

Cəmiyyət Materials 25 Mart 2013 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend/

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Cəlilabad şəhərində baş verən ağır cinayətlə bağlı rəsmi məlumat yayıb.

Trend-in məlumatına görə, martın 23-də saat 23 radələrində Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı, sonuncunun azyaşlı uşaqları Mədinə və Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürmüş, daha sonra isə cinayətin izini itirmək məqsədi ilə onların yaşadığı evi yandırmışdır.

Rayon prokurorluğuna daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı aşkar edilərək götürülmüş, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilmiş, əməliyyat tapşırığı verilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılmışdır.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Quliyev martın 24-də tutulmuşdur. İlkin dindirmə və ifadənin yerində yoxlanılması zamanı o, törətdiyi cinayət əməlini tam etiraf etmişdir. M.Quliyevin yaşadığı evə baxış keçirilən zaman üzərində qanabənzər ləkələr olan paltarlar aşkar edilərək götürülmüşdür.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti