...

Verdiyiniz borcu necə ala bilərsiniz?

Cəmiyyət Materials 12 Aprel 2013 12:13 (UTC +04:00)
Çoxlarımız yaxın qohumlarımıza, dost-tanışımıza borc pul verir, sonra isə verdiyimiz pulu illərlə geri ala bilmirik.
Verdiyiniz borcu necə ala bilərsiniz?

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Çoxlarımız yaxın qohumlarımıza, dost-tanışımıza borc pul verir, sonra isə verdiyimiz pulu illərlə geri ala bilmirik. Hətta hüquq-mühafizə orqanlarına şikayət etsək də, borc verdiyimizi təsdiq edən hər hansı sənədin olmaması səbəbindən şikayətlərimiz cavabsız qalır.

Borc verəndə tərəflər arasında yazılı müqavilə bağlanmalıdırmı? Borc verdiyimizi sübut etmək üçün hansı sənədləri imzalamalıyıq? Borc alan borcu qaytarmadığı halda hara müraciət edilməlidir?

Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının əməkdaşı, vəkil Pərviz Hüseynov bildirib ki, Mülki Məcəllənin tələbinə əsasən, borc müqaviləsinə görə borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Onun sözlərinə görə, mülki qanunvericilikdə borc müqaviləsinin yazılı bağlanmalı olmasına dair tələb nəzərdə tutulmayıb. Belə ki, Mülki Məcəllənin tələbinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

Hüseynov deyir ki, əksər hallarda borcun verilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma əldə olunur.

"Çox vaxt borc alan borcu qaytarmır, hətta borc aldığını etiraf etmir. Bu halda borc verən borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etsə də, borc verdiyini sübuta yetirməkdə çətinlik çəkir", -o deyib.

Hüquqşünas məsləhət görür ki, tərəflər arasında borc verilib-alınması ilə bağlı yazılı müqavilə bağlanmırsa, borc alan borc almasını təsdiq edən qəbz imzalayıb borc verənə təqdim edə bilər. Həmçinin, borc verilərkən şahidlərin bu prosesdə iştirakı gələcəkdə borcun qaytarılması ilə bağlı yaranan mübahisələrin həllində əhəmiyyətlidir.

"Borc alan borcu qaytarmaqdan imtina edərsə, borc aldığını etrifaf etməzsə, borc verən şəxs borc məbləğinin tutulmasına dair məhkəmədə iddia qaldıra bilər. Bu halda, məhkəməyə sübut kimi yazılı şəkildə tərtib edilmiş qəbz təqdim olunmalıdır. Həmçinin borc verilərkən şahidləriniz varsa, onları məhkəməyə dəvət edə bilərsiniz", -vəkil vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti