Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sayı artır. Bunun nəticəsi olaraq ölkədə nəsli kəsilməkdə olan bir çox flora və fauna növlərinin bərpası prosesinin getməsini, o cümlədən artıq bizi əhatə edən təbii varlıqlara münasibətin köklü surətdə dəyişməsini demək mümkündür. Bir neçə ay əvvəl Azərbaycan Respublikasının Prezidenti (5 noyabr 2012-ci il) Xaçmaz rayonunun inzibati ərazisində Samur-Yalama Milli Parkının yaradılması barədə sərəncam imzalamaqla qorunan ərazilərin həcmini genişləndirdi. Əvvəllər ərazisində Milli Park olmayan respublikamızda son 10 ildə 9 Milli Park yaradılmış və hazırda Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri Azərbaycan ərazisinin 10,3 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadov bu sahədə əldə olunmuş müsbət nəticələr və mövcud problemlərlə bağlı suallara cavab verib. Trend müsahibəni təqdim edir.
- Həqiqətən də müstəqilliyini yenicə əldə etmiş bir ölkədə bu cür göstəricilərə nail olunması qazanılmış uğur kimi qiymətləndirilməlidir. Təbii ki, bu da Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə yönələn əsas fəaliyyət proqramının təcəssümü və Prezident İlham Əliyevin yürütdüyü davamlı ekoloji siyasətin nəticəsidir. İndi Azərbaycanda bu sahədə dünyanın qabaqcıl ölkələri sırasına yüksəlmək istiqamətində mühüm işlər həyata keçirilir. Təsadüfi deyil ki, ölkə prezidenti 2012-ci ilin noyabrında növbəti 9-cu Milli Parkın yaradılması barədə sərəncam imzaladı və bu prosesin davamlı olacağı şəksizdir.
Qeyd edim ki, ölkə rəhbərliyinin ekoloji sahədə verdiyi sərəncam və göstərişlərin həm də vaxtında və yerində icra edilməsi nəzərəçarpacaq nəticələrə nail olunmasına gətirib çıxarmışdır.
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin yaradılmasına və bu ərazilərdə güclü mühafizə rejiminin təşkilinə görə artıq nəsli kəsilməkdə olan bir sıra növlərin öz arealında müşahidə edilməsinə başlanılıb. Zəngəzur və Hirkan Milli Parklarında demək olar ki, nəsli kəsilməkdə olan və son 50 ildə görünməyən Qafqaz bəbirinin Milli Parklarda qurulmuş fototələlərdə müşahidə edilməsi faktı uğurlu nəticələrdən xəbər verir. Bu faktlar son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində flora və faunanın mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur.
Yəni "Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri haqqında" Azərbaycan Respublikası Qanununa və Ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş müvafiq Milli Parkların Əsasnaməsinə istinad olunaraq mühafizə işlərinin düzgün təşkil edilməsi, formalaşdırılmış daxili normativ və qaydalardan səmərəli istifadə olunması təbii varlıqların ətraf təsirlərdən, xüsusilə insan amilindən zərər çəkməməsinə xidmət edir.
Amma açığını deyim ki, hələ də müstəqil Azərbaycanın qanunları ilə hasablaşmaq istəməyən, yaxud qanun və qaydalara əməl etməkdən boyun qaçıran şəxslərə rast gəlinir...
- Yəni işinizə maneələr yaratmaq istəyənlərin olduğunu demək istəyirsiz?
-Buna maneə yaradılması deməyək, sadəcə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində tətbiq olunan xüsusi rejimlərə, qaydalara, normativlərə tabe olmaq istəməyənlər var.
Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkənin təbiət ərazilərində baş verən xaos Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin, eləcə də ETSN-nin səyləri nəticəsində son illərdə tənzimlənmiş, ölkənin bütün mühafizə olunan, o cümlədən yüksək dağlıq ərazilərində nəzarət-buraxılış sistemi tətbiq olunmuş, turistlərin davranışını tənzimləyən qaydalar qəbul edilmişdir.
Son illərdə tətbiq edilən tənzimləmə qaydaları, əlbəttə ki özbaşınalığa öyrəşmiş dırnaqarası təbiət vurğunlarını və bəzi özlərini "dağçı" adlandıranları narahat etməyə başlayıb və bizim ünvanımıza əsassız, qərəzli, həmçinin düşünülmüş, hətta həyasızcasına qarayaxmalar söylənilir.
Amma biz, xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsinə cavabdeh olan bir dövlət qurumu olaraq Azərbaycan Respublikasının qanunları çərçivəsində tətbiq edilən norma və qaydalara əməl etməyən pozuculara qarşı inzibati tədbirlər görülür və qətiyyətlə davam edəcək.
Yəni mühafizə rejimini pozanlar cərimələnir, daxili qaydalara riayət etmək istəməyənlərə ciddi xəbərdarlıqlar olunur, buna məhəl qoymayanlar barəsində qara siyahılar tərtib edilir və məhdudiyyətlər qoyulur.
- Yeri gəlmişkən, qara siyahı hansı mahiyyəti daşıyır, mənası nədir və hansı şəxslərə şamıl olunur?
- Bu cür inzibati mübarizə tədbirləri "Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri Haqqında" Azərbaycan Respublikası Qanununun və Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş Milli Parklar haqqında Əsasnamənin tələblərindən irəli gələn daxili qaydalar, təlimatlar və mühafizə normativləri çərçivəsində həyata keçirilir.
Yəni xüsusi mühafizə olunan təbiət ərazilərində ziyarətçilərin giriş-çıxışı, daxili davranış qaydaları təlimatlar əsasında tənzimlənir və yerli əməkdaşlar tərəfindən nəzarətdə saxlanılır.
Söhbət xüsusi mühafizə olunan təbiət ərazilərindən və məhz bu ərazilərdə xüsusi rejimin tətbiqindən gedir. Təbii ki, sərbəst hərəkət hüququ verən digər ərazilərə bu qaydalar şamil edilmir. Bu, bütün dünyada belədir və bunlar ona görə edilir ki, qorunan ərazilərimiz ətraf təsirlərdən, insan amilindən maksimal dərəcədə az ziyan çəksin.
Təbii ki, qoyulmuş bu cür qaydalara əməl etməyənlər üçün, əvvəldə qeyd etdiyim kimi müvafiq inzibati tədbirlər görülür. Qara siyahı da pozuculara qarşı tətbiq edilən tədbirlərdən biridir ki, adı bu siyahıda olanların xüsusi mühafizə altında olan ərazilərə giriş-çıxışı müvəqqəti məhdudlaşdırılılr. Deməli, adı bu sıyahıya düşənlər davranış qaydalarını pozan və xəbərdarlıqlara məhəl qoymayanlardır.
Bu praktika əslində bütün dünyada mövcuddur və bizim ölkədə belə tədbirləri misal üçün AZAL nizam intizam qaydalarını pozan şəxslərə qarşı çoxdan görür.
Konkret olaraq bildirim ki, indi adı qara siyahıda olanlar əsasən özünü alpinist adlandıraraq yüksək dağlıq ərazilərə çıxanlardan bir neçəsidir. Onların təlimatlara və davranış qaydalarına zidd olan hərəkətləri bir neçə dəfə təkrarlandığından bu metoddan istifadə olunub.
Məsələn, Hirkan Milli Parkında nəzərdə tutulmayan sahədə tonqal qaladıqlarına, ərazini məişət tullantıları ilə zibillədiklərinə görə bu şəxslərə tək-tək və qrup halında ciddi xəbərdarlıq edilib. Şahdağ Milli Parkında şəxsən mən, departamentin rəhbəri olaraq onlara təxminən 15 nəfərdən ibarət qrupa mühafizə olunan əraziyə icazəsiz daxil olduqlarına, nəzərdə tutulmayan sahədə düşərgə saldıqlarına görə irad tutsam da, özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi qələmə verib təhqirlərlə və hədələyici tonları ilə qaydalara əməl etməkdən boyun qaçırıblar.
Sonradan məlum olub ki, özlərini dağçı-alpinist adlandıran və mühafizə rejiminin pozulmasına yol verərək qanun-qaydalara əməl etməyib qorunan ərazilərə özbaşına soxulan şəxslərdir. Amma təəssüf ki, gecə saatları olduğundan və tanınmadıqlarından oradakı 15 nəfərdən yalnız ikisinin şəxsiyyəti müəyyənləşdirilib, adlarının sözügedən siyahıya salınması mümkün olub. Bu adamların bir qismi şüurlu surətdə Azərbaycan Respublikasının qanunlarına saymazyana yanaşan, ölkə xaricindən idarə olunan şəxslərdir. Belələri qanunlarımızın sərt üzünü görəcəklər.
Ehtimal edirik ki, hətta bir neçə il əvvəl Qızılqaya massivində Atatürkün barelyefinə güllə ataraq onun yararsız hala salınması da məhz belələrinin işidir. Çünki barelyefin olduğu ərazidə, yəni 4 min metr yüksəklikdə yalnız yüksək zirvələrə qalxa bilən və yürüş bacarığına malik şəxslər (belə yüksəkliklərdə ov obyekti müşahidə edilmir və brakonyerlər belə yüksəklikdə ov etmir) hərəkət edə bilər...
Göründüyü kimi bu cür faktlara rast gəlindiyindən qanunamüvafiq qaydada belə tənbeh üsullarının tətbiqinə zərurət yaranır. Amma çox təəssüf edirəm ki, adını dağçı, alpinist qoyan bu şəxslər dağlara, mühafizə altında olan ərazilərin xüsusi statusuna, Azərbaycan qanunlarına açıq-açığına hörmətsizlik etdiklərini ya anlamaq istəmir, yaxud da bilərəkdən bu hərəkətlərə yol verərək yenə də saxtakarlıqla özlərini təmizə çıxarmağa çalışırlar.
Belələrinin "vəkilləri" məni, ETSN-i bəzi KİV-lərdəki imkanlarından şəxsi məqsədləri üçün sui-istifadə edərək, şər ataraq deyirlər ki, guya belə məhdudlaşdırmalar Avropa İnsan Haqları Konvensiyasına, Azərbaycanın Konstitusiyasına ziddir, insan və vətəndaş hüquqlarının, azadlıqlarının pozulmasıdır. Bu absurd fikirlərdir və şəxsi qərəzliyi ictimaiyyətə sırımaq üçün demaqogiyaya əl ataraq kimlərsə sadə bir məsələni siyasiləşdirməyə cəhd göstərir. Bəzi şəxslər isə jurnalist etikasını da öz şəxsi, maddiyyat üzərində qurulmuş maraqlarına təslim edərək açıq-aydın qisasçılıq, şər, böhtan, kişiyə yaraşmayan metodlardan belə yan keçməyərək ürək bulandırmaqla məşğuldurlar.
Əvvəla, Azərbaycan Konstitusiyasında hər kəsin sərbəst hərəkət etmək hüququ təsbit olunubsa, 39-cu maddənin 3-cü bəndində də göstərilir ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. 4-cü maddədə isə bildirilir: dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmış növlərinin qorunmasına təminat verir.
Konstitusiyanın bütün maddələri Azərbaycan Respublikasının müvafiq qanuni aktları və normativləri ilə tənzimlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ölkədə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə olunması sahəsində səlahiyyətli icra hakimiyyəti orqanıdır. Bu baxımdan biomüxtəlifliyin qorunmasında xüsusi əhəmiyyətə malik olan Azərbaycanın ən hündür zirvələrini əhatə edən dağlıq ərazilərin qorunması onun birbaşa hüquqları olması etibarilə, həm də dövlət tərəfindən müəyyən olunmuş vəzifələrinə aid edilir.
Bundan əlavə, qeyd olunan yüksək dağlıq ərazilərdə turistlərin hərəkəti həmçinin onların sağlamlığına qarşı yönələ biləcək müəyyən həyati riski də özündə ehtiva edir. Bu ərazilərin əksəriyyəti Azərbaycanın dövlət sərhəddində yerləşir.
Bütün dünyada da eyni şəraitə görə qeyd edilən şərtlər və tələblər mövcuddur, hətta qorunan ərazilərə daxil olmaq üçün turistlərdən müəyyən bioqrafik sənədlər və iltizamlar tələb olunur. Başqa bir misalla fikrimi tamamlamaq istəyirəm. Məsələn, tutaq ki, hər bir vətəndaş Azərbaycanın avtomobil yollarında sərbəst hərəkət edə bilər, amma yol hərəkəti qaydalarını pozduqda saxlanılaraq Yol Hərəkəti Haqqında Qanunun tələblərinə uyğun olaraq cərimələnir, tənbeh edilir və ya digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Onda belə bir məntiqi sual yaranır: bu haldadamı sərbəst hərəkət etmək hüququ pozulur?
Xüsusi mühafizə olunan təbiət ərazilərində də belədir. Yəni "Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən istifadə olunur.
- Belə başa düşülür ki, "qara siyahı"ya düşmək müvəqqəti xarakter daşıyır, bəs onda adlar bu siyahıdan nə vaxt çıxarıla bilər?
- Çox sadə bir üsulla. Əməllərinin Qanundan irəli gələn qaydalara zidd olduğunu səmimi etiraf edib başa düşən, təlimatlara və daxili davranış qaydalarına əməl etməyə öhdəlik götürən hər kəs siyahıdan çıxarıla bilər. Praktikada da artıq buna rast gəlinib. Siyahıda əvvəl 22 nəfərin adı var idi, onlardan 9 nəfər səmimi etirafına və iltizamına görə siyahıdan çıxarılıb. Hazırda qara siyahıda 13 nəfərin adı var.
Yeri gəlmişkən deyim ki, görünür əksəriyyəti özlərini alpinist adlandıran qrupun üzvləri olan bu şəxslərin məqsədi qanunamüvafiq qaydada adlarını qara siyahıdan çıxarıb dağçılıq idmanı ilə məşğul olmaq deyil, bundan da istifadə edib məsuliyyətsiz, qarayaxma dolu siyasi bəyanatlar verməklə süni ajiotaj yaratmaq və dövlət orqanlarının qanuni fəaliyyətinə maneə yaratmaqdan ibarətdir. Guya mənim şəxsimdə bizim departament bu qrupa öz tədbirlərini Şahdağ zonasında keçirməsinə qəsdən qadağa qoyub. Əslində isə özünü bu qrupun rəhbəri kimi təqdim edən şəxsin günahı və sağlam mövqe nümayiş etdirməməsi verdiyi sözə əməl etmək iqtidarında olmaması səbəbindən onların icazə verilməsi ilə bağlı müraciəti müsbət cavablandırılmayıb. Çünki bu şəxsin yürüş zamanı tədbirdə iştirak edən dağçıların hərəkətlərinə cavabdeh olmaması (bu şəxs dağlarda özündən sonra ərazini zibilləyən və digər nalayiq hərəkətlər törədən yoldaşlarının davranışlarına görə məsuliyyət daşımadığını bəyan edib) səbəbindən onun imzası ilə daxil olan və imzalayanın müəyyən məsuliyyətini nəzərdə tutan müraciətlərə müsbət baxılmaması məqsədəuyğun sayılıb. Məntiq sadədir: əgər sən öz üzvlərinin hərəkətlərinə məsuliyyət daşımadığını rəsmi bəyan edirsənsə, sənin imzanla bu adamlara məsuliyyət altına girib icazə verilə bilməz. Eyni zamanda məsuliyyəti üzərinə götürməyə hazır olan hər bir idmançının və ya klubun birgə, yaxud ayrılıqda müraciətinin məqbul sayılması barədə məlumat verilib. Yeri gəlmişkən, bizə mühafizə olunan ərazilərdə dəfələrlə problemlər yaradan Mursaqulov Saridan rəhbərlik etdiyi Alpinizm-turizm klubunun adından Heydər zirvəsinə yürüşdə iştirak üçün Şahdağ Milli Parkına giriş üçün müraciət edib. Bu yürüşlə bağlı artıq 300-dən çox müraciət daxil olub. Hətta bir sıra rayonlardan icra hakimiyyəti başçılarının müraciəti əsasında həmin rayonlardan gəlmək istəyən dağçılara onların sayının çox olması ilə bağlı cədvəl əsasında zirvəyə qalxmaq üçün 2 gün vaxt ayrılır. Lakin Mursaqulovun təmsil etdiyi dəstəyə 3 gün icazə veriləcək. Giriş ödənişindən də azad olunacaq. Lakin, bunun üçün Milli Parka giriş qaydalarına uyğun olaraq rəsmi qaydada Departamentə müraciət olunmalı və əlavə olaraq yürüşdə iştirak edəcək şəxslərin şəxsiyyətini təsdiq edən sənədin surəti və hər bir bir yürüş iştirakçısı tərəfindən şəxsən imzalanması tələb olunan fərdi anket vərəqi (bu sənəd yürüş iştirakçısının rekvizitləri, səhhəti, dağçılıq idmanı sahəsində təcrübəsi kimi məlumatlarla yanaşı, onun ərazidə olarkən təhlükəsizlik tədbirlərinə və Milli Parkın daxili davranış qaydalarına əməl edəcəyinə dair iltizamnaməni özündə ehtiva edir) təqdim olunmalıdır. Budurmu qərəzli münasibət? Buna görə də deyə bilərəm ki, bəzi qrupların rəhbərliyinin və onun bəzi üzvlərinin məqsədi yalnız ara qatmaq, qara piar kampaniyası ilə məşğul olaraq ədəbsiz və tərbiyəsiz davranışları ilə ictimaiyyətin fikrini yayındırmaqdır.
Nəzərə alsaq ki, Sahdağ Milli Parkının əksər yüksək dağlıq əraziləri sərhəd zonasında yerləşir, bu halda qeyd olunan sənədlərin və məlumatların tələb olunmasının labüdlüyü aydın olur və bu sənədləri kimliyindən və sosial statusundan asılı olmayaraq hər bir yürüş iştirakçısı verməlidir. Əfsuslar olsun ki, bir sıra hallarda qanuni tələbimizin əksinə olaraq özlərini "Dağçı"adlandıran bəzi şəxslər bu məlumatları bilərəkdən vermir və ya onları tam şəkildə təqdim etmir, bununla bağlı onların müraciətlərinə mənfi cavab verildikdə isə bunu cəmiyyətə hüquqlarının pozulması və hətta "təqib" kimi təqdim edirlər. Əlavə edə bilərəm ki, son günlər Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı "Heydər zirvəsi"nə kütləvi yürüşlərin təşkil olunması ilə əlaqədar bir sıra dağçılıq şirkətlərindən daxil olmuş müraciətlərdə "Qara Siyahı"ya salınmış şəxslərin adlarına da təsadüf olunur... Halbuki, Biz dəfələrlə bu adamlara adlarının "Qara Siyahı"ya salınması ilə bağlı məqamlara aydınlıq gətirilməsi və adlarının çıxarılması üçün tələb olunan izahatların verilməsini təklif etmişik, lakin, buna məhəl qoymayaraq və saymamazlıq nümayiş etdirərək, öz qərəzli ambisiyalarına sadiq qalmaqla yenidən Milli Parka daxil olmaq üçün müraciət edir və bundan istifadə edərək utanmadan Departamenti onlara qarşı qadağalar tətbiq etməkdə və qərəzçilikdə günahlandırır, bununla da ictimaiyyətin diqqətini süni olaraq özlərinə cəlb etməyə cəhd edirlər.
Məhz bu kiçik qrup iddia edir ki, guya müəyyən mənada ETSN bu kiçik qrupa öz rəqibi kimi yanaşır. Bu çox gülünc, qərəzli və eyni zamanda yekəxana bir iddiadır. Əslində bizim dağçılarla, ictimaiyyətlə heç problemimiz yoxdur. Ekoloqlar, ekoloji ictimaiyyət tədbirlərimizi alqışla qarşılayır. Dağçılar da bu tədbirlərə çox hörmətlə yanaşır, bizə dağları köhnə tullantılardan təmizləməyə kömək edirlər. Müəyyən edilmiş marşrutlardan kənara çıxmırlar, məhdudiyyətlərin mənasını yaxşı başa düşür və onları normal qəbul edirlər.
Səs-küylü kompaniyalara əl atan elə uzun zaman dağları, digər təbii əraziləri zibilləyən, kefi istədiklərini edən kiçik qrupdur.
30-40 nəfərlik bir qrupun kiminlə necə rəqabət apara biləcəyini də başa düşmək mümkün deyil. Yaxşı olar ki, bunlar öz ölçülərinə uyğun məqsədlər və hədəflər qoysun və hər halda özlərini qanunlardan üstün tutmasın. Demaqogiya burada yardımçı olmayacaq. Dağlara normal yanaşanların, qayda-qanunlara riayət edənlərin təbiətə qayğı ilə münasibət göstərənlərin üzünə dağlar həmişə açıqdır.
Bunları da demək yerinə düşər ki, bütün bu şəxslərin ETSN-yə qarşı qara piarına dəstək verən, bəzi hallarda qəsdən konflikt yaratmağa çalışan və ETSN-yə qarşı qərəzli mövqeyini gizlətməyən vaxtı ilə yaxşı, prinsipial jurnalist kimi tanınan, lakin zaman keçdikcə öz kiçik hisslərinin öhdəsindən gələ bilməyən şəxs durur. O, reket jurnalistikası ənənələrindən fərqlənməyən mövqedən çıxış edərək qisas almaq niyyəti ilə mütəmadi olaraq qərəzli və anlaqsız məlumatlar yayır, 3-5 alpinistin öz qanunsuz əməllərini ört-basdır etmək cəhdlərinə dəstək verir. Düşünürəm ki, əgər 9 il əvvəl onun Nazirliyə aid şəxslərlə mövcud olan insani münasibətləri istismar edərək öz biznesini yüksəltmək cəhdi baş tutsaydı, yəqin ki, o bu gün heç bir əndazəyə sığmayan və utanc gətirən davamlı haqsız kampaniyada rol sahibi də olmazdı.
- Azərbaycanda həyata keçirilən xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi tədbirlərinin bundan sonra da davam etdirilməsi sahəsində hansı perspektiv planlar var?
- Bəli, çox işlər görülsə də, təbii ki hələ kifayət deyil. Bu sahədə tədbirlər bundan sonra da davam etdiriləcək. Hazırda Cənubi Qafqazda ilk dəfə olaraq Zaqatala-Balakən biosfer rezervatının yaradılması istiqamətində işlər görülür və xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin 14 faizə çatdırılması sahəsində tədbirlər həyata keçirilir.