...

Nuşirəvan Məhərrəmli: Azərbaycan telekanalları küçə danışıq dilindən birdəfəlik xilas olmalıdır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 May 2013 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/

Televiziya və radiolarda ədəbi dilin qorunması məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncamın icrası ilə bağlı tədbirlərə start verilib. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində cümə axşamı "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Məhərrəmli deyib ki, bu məqsədlə teleradiolarda Bədii şuralar yaradılacaq.

"Təbii ki, Bədii şuralar yaradılarkən bunun ən optimal variantını seçməliyik. Bu şuralar yalnız dillə, yoxsa ümumiyyətlə milli-mənəvi dəyərlərlə bağlı olacağı müəyyən olunacaq. Çünki uzun müddətdən bəri milli-mənəvi dəyərlərin televiziyalarda qorunması ilə bağlı məsələlər də ortaya çıxıb və müzakirələr aparılır", - Məhərrəmli bildirib.

Şura sədrinin sözlərinə görə, televiziya kanallarında bu istiqamətdə ciddi nöqsanlar mövcuddur.

"Bunları aradan qaldırmaq üçün müzakirələr aparılır. Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması bizim əsas məsələlərimizdən biridir. Efirə çıxan aparıcılar Azərbaycan dilini səlis, aydın bilməlidir. Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq. Bu problemlər radiolarda da mövcuddur. Artıq qərarlarımız radiolara da şamil olunacaq.

Fikir çatdırmaq baxımından Azərbaycan dili çox zəngin dildir. Təəssüf ki, bəziləri yeri gəldi-gəlmədi digər dillərdə danışmaqla yanaşı, o dillərin imkanlarının geniş olduğunu bildirirlər. Bu onların Azərbaycan dilini yaxşı bilməmələrindən irəli gəlir", MTRŞ sədri bildirib.

Məhərrəmli, həmçinin bildirib ki, Şuranı ən çox narahat edən ikinci məsələ isə efirdə verilişlərin keyfiyyəti ilə bağlıdır.

"Təbii ki, milli-mənəvi dəyərlərə söykənmək bütün verilişlərin əsas xətti olmalıdır. Ancaq, çox təəssüf ki, bəzən özəl telekanallarda reytinq dalınca qacmaq xəstəliyi milli-mənəvi dəyərlər məsələsini arxa plana keçirir. Bir tərəfdən biz onları qınamırıq, çünki özəl telekanallar yalnız reklam əsasında fəaliyyət göstərirlər və öz fəaliyyətlərini bundan asılı hesab edirlər. Ona görə də hansı yolla olsun pul qazanmağa calışırlar. Digər bir tərəfdən isə insanlar üçün əsas təsiretmə mexanizminə maik olan televiziyalar elə etməlidirlr ki, onlar pis vərdişlər yox, tərbiyəvi vərdişlər əldə etsinlər. Biz bu sahədə işlərimizi gücləndirməyə calışırıq. Amma biz bunu öz səlahiyyətlərimiz cərcivəsində edə bilərik, yalnız tövsiyələr verə bilərik", - Məhərrəmli bildirib.

MTRŞ sədri qeyd edib ki, ciddi problemlərdən biri də efir mədəniyyətidir. Çox təəsüf ki, sovetlər dövründə müəyyən çərçivəyə salınmış efir mədəniyyəti indi tamamilə açıq efir mədəniyyətinə gəlib cıxıb.

"Təbii ki, biz demokratik ölkədə yaşayırıq. Bunların hamısını bir çərçivəyə salmaq fikrində deyilik. Bu məsələdə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür və onlar bu məsələdə ciddi düşünməli və televiziyaya hər adamı gətirib çıxarmamalıdırlar", - Məhərrəmli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti