Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sistemi yaradılacaq.
Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin informasiya texnologiyalari və ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması üzrə işlərə başlanılıb.
Azərbaycan Prezidentinin 9 aprel 2013-cü il tarixli, 2837 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin adıçəkilən komitədə icrası ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiqlənib.
Tədbirlər Planında komitənin müvafiq struktur bölməsinə Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarətin gücləndirilməsi tapşırılıb. Bundan başqa komitə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması üzrə işlərə də başlayıb.