...

Həqiqi hərbi xidmətdən möhlət hüququ olan abituriyentlərin elektron bazası yaradılır

Cəmiyyət Materials 13 May 2013 13:03 (UTC +04:00)
Hazırda kişi cinsli abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən işlər aparılır.
Həqiqi hərbi xidmətdən möhlət hüququ olan abituriyentlərin elektron bazası yaradılır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Hazırda kişi cinsli abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən işlər aparılır. Bu barədə Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, polkovnik Ramiz Məmmədov bildirib.

Rəis müavininin sözlərinə görə, elektron bazanın yaradılması işləri başa çatdıqdan sonra qeyd olunan məsələ öz həllini tapacaq.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirmişdi ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən və həqiqi hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin elektron ərizələrini təsdiqlətmək üçün Sənəd Qəbulu komissiyalarına müraciət etməsinə ehtiyac yaranmayacaq. Onlar da digər abituriyentlər kimi elektron ərizələrini elektron formada təsdiqlədə biləcəklər.

Məleykə Abbaszadə qeyd etmişdi ki, öz ərizələrini təsdiq etdirmək üçün əvvəlki illərin oğlan məzunlarının hərbi xidmətdən möhlət hüququ olmalıdır. Ancaq TQDK hələlik oğlan abituriyentlərin hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsini həyata keçirə bilmir. Bunun üçün TQDK müvafiq qurumlara müraciət edib.

Abbaszadənin sözlərinə görə, bu baza hazır olduqdan sonra artıq Sənəd Qəbulu komissiyalarına çox da ehtiyac yaranmayacaq. Sənəd Qəbulu komissiyaları yalnız vətəndaşlığı olmayan və xarici dövlətdən Azərbaycana gələn insanların sənəd verməsi üçün lazım olacaq. Çünki onların sənədlərinin yoxlanılmasına ehtiyac var. Abbaszadə bu yeniliyin gələn ildən həyata keçirilməsinin mümkün olacağını da istisna etməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti