...

Azərbaycanda Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub

Cəmiyyət Materials 24 May 2013 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub. Trend-in məlumatına görə, yenilənmiş layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

O bildirib ki, məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.

Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, xarici ölkələrdə yaşayan Azərbaycan əsilli insanlar onlara əcnəbi anlayışından yanaşılmasından narahatdırlar. Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşma təklif edib. O qeyd edib ki, Azərbaycanda ikili vətəndaşlığı olmamasına baxmayaraq valideynlərinin azərbaycanlı olduğu xarici ölkə vətəndaşlarına imtiyazların verilməsini vacib sayır.

Deputat Tahir Rzayev də çıxışında qeyd edib ki, valideynlər uşaqları xarici dövlətə apararkən bəzi hallarda çətinliklərlə üzləşə bilərlər, çünki hər iki valideynin icazəsi olmalıdır. O təklif edib ki, yerli icra hakimiyyəti orqanlarının verdiyi arayışla bir valideynin razılığı ilə uşağın digər ölkəyə aparılmasına şərait yaradılmalıdır.

Deputat Çingiz Qənizadə isə çıxışında bildirib ki, valideynlərindən biri azərbaycanlı olan uşaqların yetkinlik yaşına çatanadək Azərbaycanda qalmasına sərbəst şərait yaradılmalıdır. O qeyd edib ki, xarici ölkədə doğulmuş, yaşamış, lakin Azərbaycana gətirilmiş uşaq 18 yaşına kimi hər 3 aydan bir gedib sərhəddən keçib qayıtmalıdır, çünki əcnəbilər ölkə ərazisində 3 ay qala bilərlər.

Son dövrlər Azərbaycana işləmək üçün gələn əcnəbi vətəndaşların sayı kəskin artıb. Bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi ölkəmizi əcnəbilər üçün əlverişli dövlətə çevirib: "İş axtarmaq üçün artıq əcnəbi vətəndaşlar Azərbaycana üz tuturlar. Azərbaycanda ildən-ilə əcnəbi vətəndaşlarının çoxalması Miqrasiya Xidmətinin yaranmasına gətirib çıxardı. Bu gün Miqrasiya Xidməti tərəfindən ölkə Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr tam icra olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti