...

Bakıda “Sülh kuboku” keçiriləcək

Cəmiyyət Materials 5 İyun 2013 11:57 (UTC +04:00)
Bakıda Azərbaycan və İngilis dillərində “Sülh kuboku” adlı intellektual oyun keçiriləcək.
Bakıda “Sülh kuboku” keçiriləcək

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda Azərbaycan və ingilis dillərində "Sülh kuboku" adlı intellektual oyun keçiriləcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 5-6 iyun tarixində Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE) təşkilatı və "Biz İnkişaf Zamanındayıq" (BİZ) İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın 9 bölgəsindən olan məktəblilər və amerikalı sülh korpusunun könüllüləri arasında "Sülh kuboku" adlı Azərbaycan və ingilis dillərində intellektual oyun keçiriləcək.

Sosial layihə Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ-ın Azərbaycandaki səfirliyinin maliyyə dəstəyi, "ALTRO" agentliyinin kreativ və "Nar Mobile" şirkətinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Layihənin əsas məqsədi Azərbaycan haqqında məlumatların ingilis dilində intellektual oyun şəklində məktəblilərə çatdırılması, amerikalı sülh korpusu könüllülərinin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması, bölgələrdə yaşayan məktəblilərin vaxtlarının səmərəli və əyləncəli keçirilməsi və ABŞ təhsilli tələbələrlə məktəblilər arasında güclü şəbəkənin yaradılmasıdır.

Həyata keçiriləcək layihədə Sumqayıt, Şabran, Şəki, Tovuz, Mingəçevir, Yevlax, Ağcabədi, Lənkəran və Siyəzəndən 36 nəfər 9-cu və 11-ci sinif şagirdləri, həmçinin onlarla birgə fəaliyyət göstərən və müxtəlif sosial və ekoloji layihələr həyata keçirən sülh korpusun 9 amerikalı könüllüsü də iştirak edəcəklər.

Bilik yarışmasında bütün suallar Azərbaycan və Amerika Birləşmiş Ştatlarının mədəniyyəti, tarixi, coğrafiyası və münasibətlərini özündə əks etdirəcək. Yarışma iki əsas dildə - Azərbaycan və ingilis dillərində aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti