...

Urmiya gölünün suyunun səviyyəsi 28 santimetr aşağı düşüb

Cəmiyyət Materials 29 İyun 2013 09:32 (UTC +04:00)
Hazırda Urmiya gölünün suyunun səviyyəsi ötən ilin anoloji dövrü ilə müqayisədə 28 santimetr aşağı düşüb. Bunu İranın Energetika Nazirliyinin su və su resursları üzrə idarəsinin rəisi Əlirza Daimi deyib.
Urmiya gölünün suyunun səviyyəsi 28 santimetr aşağı düşüb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir T.Cəfərov/

Hazırda Urmiya gölünün suyunun səviyyəsi ötən ilin anoloji dövrü ilə müqayisədə 28 santimetr aşağı düşüb. Bunu İranın Energetika Nazirliyinin su və su resursları üzrə idarəsinin rəisi Əlirza Daimi deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Daiminin sözlərinə görə, Urmiya gölünün suyundan kənd təsərrüfatı sahələrinin suvarılması üçün istifadə halları artıb və digər tərəfdən yağıntıların azalması gölün suyunun səviyyəsinin aşağı düşməsinə səbəb olub.

O, bildirib ki, kənd təsərüfatı sahələrinin suvarılmasında sudan istifadəyə məhdudiyyətlər tətbiq olunmalıdır.

Daimi əlavə edib ki, yağıntılar normadan az olduğu üçün içməli suyun təminatında çətinliklər var və biz çalışırıq ki, əhalinin içməli su ilə təminatında problemlər yaşanmasın.
Qeyd edək ki, İranın şimal-qərbində yerləşən Urmiya gölünün vəziyyəti son 50 il ərzində pisləşib və onun demək olar ki, 70 faizi quruyub.Göldə suyun səviyyəsinin düşməsi 1995-ci ildən başlayıb.Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

İran Urmiya gölündəki böhran vəziyyəti aradan qaldırmaq məqsədilə Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi üzərində işləyir. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib. Lakin rəsmi məlumatlara görə, gölün bərpası üçün görülən bütün işlər effektsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti