...

Təhsil Nazirliyi yeni çap edilmiş bəzi dərsliklərdə TQDK-nın monitorinqinin nəticələrini nəzərə alınmamasının səbəbini açıqlayıb

Cəmiyyət Materials 20 Avqust 2013 14:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının monitorinqi apardığı dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən həmin monitorinqin nəticələri nəzərə alınacaq. Trend bu məlumatı Təhsil Nazirliyinin saytına istinadən bildirib.
Təhsil Nazirliyi yeni çap edilmiş bəzi dərsliklərdə TQDK-nın monitorinqinin nəticələrini nəzərə alınmamasının səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) monitorinqini apardığı dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən həmin monitorinqin nəticələri nəzərə alınacaq. Trend bu məlumatı Təhsil Nazirliyinin saytına istinadən bildirib.

Nazirliyin məlumatında bildirilir ki, monitorinqi aparılmış II, IV və VII sinif dərslikləri 2013-2014-cü tədris ilinə az faizlə çap ediləcək. Onlar üzərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən monitorinqin nəticələri nəzərə alınacaq. Bu il təqdim ediləcək VI sinif dərslik komplektləri kurikulum əsasında hazırlanmış ilk dərsliklərdir.VIII, IX və X sinif dərsliklərinin də bir qismi daxil olmaqla, bütövlükdə 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinə 139 adda dərslik və müəllimlər üçün metodik vəsaitlər veriləcək.

Təhsil Nazirliyi bu il ali məktəblərə daxil olan gənclərin daha çox hansı ixtisaslara üstünlük verdiyini də açıqlayıb. Məlumata görə, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili)" ixtisasına daha çox üstünlük veriblər.

Nazirliyin məlumatında bildirilib ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqənin artmasına, plan yerlərinin artması isə müsabiqənin azalmasına səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuzu səviyyəsini tam ifadə edə bilməz: "Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti