Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/
"Birgə Cəmiyyətlər Forumu 2014" Bakıda gələn ilin aprel ayında keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun ali səviyyəli toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, ilk dəfədir böyük tədbirin hazırlıq görüşünə ölkənin birinci şəxsləri gəlir. Adətən belə görüşlər ekspertlər səviyyəsində olur.
O bildirib ki, iki gün davam edən qapalı iclaslar zamanı dini azlıqlar, qadınların cəmiyyətdə aktivliyinin artırılması və siyasi münaqişələrin həlli və digər aktual məsələlər müzakirə olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun üzvü, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa bildirib ki, iki gün ərzində Bakıda gərgin və maraqlı müzakirələr olub. Gələn ilin aprelində Bakıda keçiriləcək Açıq Cəmiyyət Forumunun proqramı hazırlanıb və proqram üzrə komitə yaradılıb.
Madrid Klubunun prezidenti, Niderlandın sabiq Baş naziri Vim Kok deyib ki, Bakıda münaqişələrin həlli və qarşısının alınması müzakirə olunub. Onun fikrincə, gələnilki Forum 2015-ci ildə BMT-nin Minilliyin İnkişafı Proqramına yekun vurulması baxımından önəmli tədbir olacaq.
O deyib ki, Madrid Klubu bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını genişləndirəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin isə qeyd edib ki, bu tədbirlər Azərbaycanın dünyada artan rolunu bir daha təsdiq edəcək və Nizami Gəncəvinin əsərlərinin daha geniş yayılmasına imkan yaradacaq. Onun fikrincə, gələn Bakıda keçiriləcək Birgə Cəmiyyətlər Forumunda müzakirə olunacaq məsələlər həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün önəmli olacaq.
Qeyd edək ki, sentyabrın 5-6-da keçirilən toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə keçirilib.