...

Azərbaycan konsulluğunun nümayəndələri Orxan Zeynalovla görüşüblər

Cəmiyyət Materials 31 Oktyabr 2013 16:11 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı konsulluğunun nümayəndələri Biryulevoda törədilən qətlə görə həbs edilmiş 30 yaşlı Orxan Zeynalovla istintaq təcridxanasında görüşə biliblər.
Azərbaycan konsulluğunun nümayəndələri Orxan Zeynalovla görüşüblər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycanın Rusiyadakı konsulluğunun nümayəndələri Biryulevoda törədilən qətlə görə həbs edilmiş 30 yaşlı Orxan Zeynalovla istintaq təcridxanasında görüşə biliblər. Trend-in məlumatına görə, bunu İTAR-TASS-a müsahibəsində Moskva üzrə Cəzaların İcrası Federal Xidməti İdarəsinin rəhbəri Anatoli Tixomirov təsdiqləyib.

Onun sözlərinə görə, konsul istintaq təcridxanasında O.Zeynalovla görüşərək suallarını verib: "Onlar öz dillərində danışıblar. Belə görüşlərin keçirilməsinə icazəni müstəntiq verir".

A.Tixomirov bildirib: "Onları öz ölkələrinin vətəndaşları ilə görüşə buraxmağa borcluyuq. Çünki onlar icazəni müstəntiqdən alaraq təcridxanaya gəlirlər. Saxlanma şəraitinə görə heç bir narazılıq bildirilməyib".

Qeyd edək ki, Rusiya vətəndaşı Y.Şerbakovu qətlə yetirməkdə təqsirləndirilən O.Zeynalov Rusiya Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətməsində ittiham olunur.

Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti