...

Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri Orxan Zeynalovla görüşüblər

Cəmiyyət Materials 6 Noyabr 2013 18:34 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri Moskvada Federal Cəzaçəkmə Xidməti İdarəsinin 1 saylı İstintaq təcridxanasında Biryulevoda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovla görüşüblər.
Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri Orxan Zeynalovla görüşüblər

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri Moskvada Federal Cəzaçəkmə Xidməti İdarəsinin 1 saylı İstintaq təcridxanasında Biryulevoda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovla görüşüblər. Trend-in məlumatına görə, bu barədə səfirliyin yaydığı xəbərdə deyilir.

Məlumata görə, konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov O.Zeynalovla görüşüblər.

Görüş zamanı səfirliyin nümayəndələri O.Zeynalovla söhbət edərək ona istintaqın gedişatı və işin mövcud vəziyyəti barədə məlumat veriblər.

O.Zeynalov bildirib ki, İstintaq təcridxanasında onunla normal rəftar edirlər və saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

Sonra vəkil V.Anikuşin söhbətə qoşulub.

Diplomatlar O.Zeynalova istintaqın obyektiv aparılması və işə məhkəmə instansiyalarında obyektiv baxılması üçün vəkillə sıx əməkdaşlığın zəruriliyini izah ediblər.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti