Rusiya, Volqoqrad, 20 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/
Azərbaycan tərəfi Rusiya ilə dostluq əlaqələrinin inkişafı və möhkəmlənməsi üçün bundan sonra da mümkün olan hər şeyi etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva cümə günü Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovla görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycanda böyük rus mədəniyyətini çox yüksək qiymətləndirirlər: "Rusiya və Azərbaycanı ümumi tarix birləşdirir. Heydər Əliyev Fondunun Volqoqrad-Bakı dostluq parkının yenidən qurulması işlərini maliyyələşdirməsi yalnız ilk addımdır və gələcəkdə hələ çox maraqlı layihələr olacaq".
Leyla Əliyeva RAGB-nin Volqoqradda regional bölməsini açmaq və təcrübə mübadiləsinə başlamaq istəyi barədə məlumat verib.
S.Bojenov bildirib ki, Volqoqrad vilayətində 80 mindən artıq azərbaycanlı yaşayır. O, iqtisadi əməkdaşlıq və mədəni mübadilə ilə yanaşı, ictimai və gənclər təşkilatları arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qubernator gələcəkdə Bakıya işgüzar səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb.
S.Bojenov hesab edir ki, Azərbaycan digər ölkələrə tranzit hava uçuşlarının həyata keçirilməsi üçün yaxın perspektivdə vacib nəqliyyat qovşağına çevrilə bilər. O, Volqoqradla Bakını birləşdirən aviareysin açılmasının məqsədəuyğun olduğunu qeyd edib.
Görüşün yekununda Leyla Əliyevanın "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif edilməsi mərasimi keçirilib. Qubernator bildirib ki, Leyla Əliyeva aktiv ictimai fəaliyyətə görə bu medala layiq görülmüş ilk əcnəbi nümayəndədir.
Mərasimdə, həmçinin Bakının Qaradağ rayonu və Volqoqrad vilayəti arasında niyyət protokolu imzalanıb. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, tərəflər gələcəkdə bir çox sahələr, o cümlədən iqtisadiyyat, mədəniyyət və idman sahələri üzrə sıx əməkdaşlıq etmək niyyətindədirlər.