Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Dekabrın 26-sı Gəncə şəhərində Gəncə Avropa Gənclər Paytaxtı 2016 layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və İnformasiya Texnologiyalarının nazir müavini İltimas Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, millət vəkilləri-Rauf Əliyev, Ceyhun Osmanlı, Xanlar Fətiyev, İlham Məmmədov, Asəf Hacıyev, Musa Quliyev, universitet rektorları və gənclər təşkilatlarının rəhbərləri, fəalları iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirin gedişatında videoməlumat, sonunda isə videoçarx nümayiş etdirilib.
Sonra şəhərin rəsmi nümayəndələri və qonaqlar Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yeni tikilmiş binasının açılış mərasimində iştirak ediblər. Açılışda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov çıxış ediblər.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzinin yeni binası müasir tələblərə cavab verən yeni maddi-texniki baza, müasir avadanlıqlar və invertarla təchiz edilib.
Həmin günün sevincini yaşayanlar içərisində Gəncə şəhər N. Nərimanov adına 25 saylı orta məktəbin kollektivi də vardır. Məktəbin binası 1963-cü ildə tikilib, 1971-ci ildən orta məktəb kimi istifadəyə verilib. Bu ilin aprel ayında məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hazırda burada 530 şagirdin təhsili və tərbiyəsi ilə 81 nəfər müəllim, 9 nəfər yardımçı pedaqoji heyət məşğul olur.
Məktəbin açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, ölkə başçısı İlham Əliyevin təhsilə, yeniyetmə və gənclərin inkişafına hərtərəfli diqqətindən, qayğısından söhbət açmış, Gəncənin də bu inkişaf və tərəqqinin önündə olduğunu vurğulayıblar.
26 dekabr Mirzə Şəfi Vazeh adına 16 nömrəli məktəbin kollektivinin də həyatında əlamətdar olub. Yüksək səviyyədə, müasir üslubda təmir olunan məktəb binasının lenti kəsilib. 1968-ci ildən fəaliyyət göstərən məktəbdə 1500 şagird təhsil alır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Şəhər rəsmiləri və qonaqlar məktəbin sinif otaqlarına baxış keçirib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev məktəblərdə "ağıllı sinif" layihəsi haqqında məlumat verib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu layihəni bəyənərək, bütün məktəblərdə tətbiq olunmasını tövsiyə edib.