Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mehmanxana fəaliyyətinin lisenziyalaşdırılmasının daha da sadələşdirilməsi üçün müəyyən addımlar atmağı planlaşdırır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq lisenziyalaşdırma sahəsində elektron xidmətlərin tətbiqinə başlanılıb: "Lisenziyalaşdırmanın daha da sadələşdirilməsi ilə bağlı təkliflər nazirliyə daxil olmaqdadır. Ola bilər ki, gələcəkdə bu sahə üzrə sadələşdirmələr həyata keçirilsin".
Nazirlikdən deyilib ki, bu gün lisenziya almaq istəyənlər üçün sənədlərin toplanması mərhələsində sadələşdirmənin aparılmasına ehtiyac var: "Birmənalı olaraq, demək olar ki, bu gün Mədəniyyət və Turizm Nazirliyinə tələb olunan sənədlər təqdim edildikdən sonra bu qurum tərəfindən lisenziyaların verilməsi məsələsində sadələşdirilmiş mexanizm tətbiq edilir. Lakin bizim məqsədimiz ondan ibarətdir ki, Mədəniyyət və Turizm Nazirliyinə qədər olan mərhələdə, yəni sənədlərin toplanması mərhələsində sadələşdirmə olsun".
Nazirlikdən deyilib ki, lisenziyalaşdırmanın sadələşdirilməsi üçün digər stukturlarla razılaşmalar olmalıdır. Ancaq bundan sonra bu sahə üzrə konkret müəyyən addımlar atmaq olar.
Qeyd edək ki, 2012-ci il oktyabrın 1-dən Azərbaycanda turizm, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün sənədlər elektron formada qəbul edilir. Bütün sənədlər tam hazır olduqdan və tələb olunan dövlət rüsumu ödənildikdən sonra lisenziya almaq istəyən şəxsin müraciətinə 15 gün ərzində cavab verilir.