...

Azərbaycanın din xadimləri radikalizmin qəti əleyhinədirlər

Cəmiyyət Materials 28 Yanvar 2014 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı İçərişəhər Cümə Məscidinin axundu hacı Surxay Məmmədli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın daxilində sabitliyi pozmağa çalışan xüsusi radikal qruplar var: "Bunlar sələfilər, vəhhabilər, təkfirçilər, xəvariclərdir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu, nə düşüncədir? Bu, harda yazılıb?"

Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənli bildirib ki, Azərbaycanda radikallığa yer yoxdur: "Azərbaycanda daima tolerantlıq olub, məzhəblərarası, dinlərarası münasibətlər yüksək səviyyədə olub. Dini münasibətlər modeli var. Bu, bizim əsrlər boyu qoruyub saxladığımız dəyərdir. Bu fonda Azərbaycanda olan sabitliliyi qoruyub dəyərləndirməliyik".

Hacı Şahin Həsənli bildirib ki, din yanlış anlaşılırsa, səhv başa düşülürsə, dinsizlikdən daha təhükəli olur: "Buna tarixdə də rast gəlinib. Hətta Peyğəmbər (s) da vaxtilə buyurmuşdu: "İki şey belimi sındırdı. İmansız alim, elmsiz abid".

Onun fikrincə, adıçəkilən cərəyanlara gəlincə, onlar məzhəb və təriqət deyil, məhz cərəyanlardır və sevindirici haldır ki, artıq onların adının açıq şəkildə deyilməsinə başlanılıb.

Hacı Şahin Həsənli qeyd edib ki, Azərbaycanda bəzi cərəyanlar məzhəblərarası qarşıdurma yaradır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndələri bu kimi hallara qarşı mübarizə aparmalıdırlar: "Əlamətdar günlərdə sünni və şiə din xadimlərinin birgə tədbirlər keçirməsinə ciddi ehtiyac var. Bu, hamıya bir daha göstərər ki, Azərbaycanda məzhəblər arasında heç bir problem yoxdur".

O, həmçinin əlavə edib ki, bu gün Suriyada öldürülən azərbaycanlıların qanı hədər yerə axır: "Bəzi insanları hətta cinsi istismara məruz qoyurlar. Bunun da adını cinsi cihad qoyurlar ki, bunun dinə heç bir aidiyyəti yoxdur. Bu məsələdə məscid imamları və axundları da məsuliyyət daşıyırlar".

İclasda çıxış edən din xadimləri qeyd ediblər ki, bu gün Azərbaycanda təbliğat elə qurulmalıdır ki, döyüşmək istəyənlər Azərbaycanın işğal olunmuş 20 faiz ərazisi uğrunda döyüşə can atsınlar.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxulislam Allahşükür Paşazadə də səslənən fikirləri dəstəklədiyini açıqlayıb.

Hacı Surxay Məmmədli bildirib ki, onda olan məlumata görə, Aşurbəy məscidində silah saxlanılır, oradan Suriyaya döyüşçülər göndərilir. O, bunu böyük təhlükə adlandırıb.

Şeyxülislam Allahşükür Paşazadə isə ona əlindəki bu faktlarla hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti