Azərbaycan, Bakı, 29 yanvar /Trend/
BP şirkəti bu gün Azərbaycanın bir sıra universitetlərində neft-qaz sahəsində ixtisaslaşan bir qrup birinci və ikinci kurs tələbələrinə öz xüsusi mükafatlarını təqdim edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, bu layihə BP-nin ölkədə təhsilin inkişafını dəstəkləmək və neft-qaz sənayesində yerli bacarıqların yaradılması imkanlarını genişləndirmək öhdəliyinin bir hissəsidir.
BP-nin 2013-cü il üçün xüsusi mükafatlarının əhatə dairəsi daha da genişlənib və ötənilki beş universitetin sıralarına əlavə olaraq Bakıda yerləşən iki ali təhsil müəssisəsi (Milli Aviasiya Akademiyası və Azərbaycan Texniki Universiteti) və bölgədə yerləşən bir universitet (Gəncə Dövlət Universiteti) daxil edilib.
Bu gün Bakıda keçirilən tədbirdə təxminən 60 nəfər ən yaxşı göstəriciyə malik birinci kurs tələbəsi bp-nin illik xüsusi mükafatını alıb. Onlar aşağıda qeyd edilmiş universitetlərdə neft və qaz ixtisası üzrə təhsil almaq üçün qəbul imtahanlarında ən yüksək keçid balları toplamış tələbələrdir:
• Azərbaycan Dövlət Neft Akademiyası - 38 tələbə;
• Qafqaz Universiteti - 6 tələbə;
• Azərbaycan Memarlıq və İnşaat Universiteti - 5 tələbə;
• Bakı Dövlət Universiteti - 5 tələbə;
• Gəncə Dövlət Universiteti - 3 tələbə;
• Xəzər Universiteti - 1 tələbə;
• Milli Aviasiya Akademiyası - 1 tələbə;
• Azərbaycan Texniki Universiteti - 1 tələbə.
Bu gün təqdim olunan xüsusi mükafatlar həmin tələbələrə BP-nin maliyyəsi ilə 10 aylıq ingilis dilinin təlimi proqramında iştirak etmək imkanı verəcək. Bu proqramla onlar öz texniki sahəyə aid dil bilgilərini təkmilləşdirəcəklər ki, bu da onların ixtisasları sahəsində alacaqları biliklərə dəyərli əlavə olacaq.
Bundan əlavə, BP şirkəti ötən il xüsusi mükafatlar almış və hazırda ikinci kursda təhsillərini davam etdirən 27 nəfər tələbə üçün ingilis dilinin təlimi kursunu əlavə bir il də artırmaq qərarına gəlib.
Mükafatların təqdim olunmasına həsr edilmiş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova deyib: "Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı olan "bp" şirkəti ölkədə, xüsusən də neft-qaz sənayesi ilə bağlı sahələrdə təhsil və yerli bacarıqların yaradılması səylərini dəstəkləmək öhdəliyi götürüb. Azərbaycanın ənənəvi olaraq həmişə neft-qaz sahələrində yüksək səviyyəli mütəxəssisləri olub. Lakin sənaye böyüyüb inkişaf etdikcə, əlaqədar sahələrdə yerli bacarıqların daha da artırılmasına və təkmilləşdirilməsinə tələbat yaranır. Azərbaycanın böyük neft və qaz layihələrinin operatoru olan BP şirkəti bu istiqamətdə ölkəyə kömək edən təşəbbüslərin və səylərin dəstəklənməsində çox maraqlıdır.
Mən çox məmnunam ki, digər təşəbbüslərlə yanaşı, BP şirkəti çox sayda universitet tələbələrinə neft və qaz sənayesində karyera qurmaq üçün hazırlıq keçmək imkanı da yaradır. Mən 60 nəfər tələbənin hamısını xüsusi mükafat almaları münasibətilə təbrik edirəm və ümid edirəm ki, həmin mükafatlar onlara yerli və beynəlxalq təşkilatlarda uğurlu peşə karyeralarını planlaşdırmağa yardım edəcək".
Qeyd edək ki, Azərbaycanda BP-nin xüsusi mükafat proqramı 2007-ci ildə fəaliyyətə başlayıb və bu vaxtadək BP təxminən 400 nəfər yüksək nəticə göstərmiş tələbəyə öz xüsusi mükafatlarını təqdim edib.