...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2014-cü ildəki fəaliyyət istiqamətlərini açıqlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2014 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2014-cü ildəki fəaliyyət istiqamətləri açıqlayıb.

Trend-in məlumatına görə, bu gün DQİDK-da keçirilən tədbirdə komitə sədri Elşad İskəndərov 2014-cü ildəki fəaliyyət istiqamətlərini açıqlayıb: "DQİDK 2014-cü ildə fəaliyyətini əsasən 6 istiqamətə yönəldəcək. Bunlar din-dövlət münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn fəaliyyətin təkmilləşdirilməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmə işinin gücləndirilməsi, tolerantlıq ənənələrinin gücləndirilməsi və daxildə və xaricdə təbliğatı, ənənəvi milli-mənəvi dəyərlərin gücləndirilməsi və inkişaf etdirilməsi, dini icmaların cəmiyyətə inteqrasiyasının təmin edilməsidir".

2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verən komitə sədri qeyd edib ki, Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, milli-mənəvi dəyərlərimizə yüksək səviyyədə qayğısı din-dövlət münasibətləri sahəsində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün geniş imkanlar yaradır: "Ölkə Prezidentinin qayğısı ilə 2013-cü ildə həyata keçirilmiş çoxsaylı tədbilər bunun bariz nümunəsidir. Belə ki, ötən il əsaslı bərpa və yenidənqurmadan sonra Sumqayıt və Şamaxı Cümə məscidlərinin istifadəyə verilməsi, Qəbələ şəhərində Yeni Məscid kompleksinin açılışı, Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi İmam Rza məscidinin əsaslı təmir olunması, eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı din sahəsində əlamətdar tarixi hadisəyə çevrilib. Ölkə Prezidentinin müvafiq tapşırıq və sərəncamlarının icrası ilə bağlı DQİDK 2013-cü ildə din-dövlət münasibətləri sahəsində icmalarla maarifləndirmə işi, dini qurumlarda olan problemlərin həlli, milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində 150-dən artıq tədbir keçirib. Eyni zamanda, insan hüquqları sahəsində 30-dan artıq tədbir təşkil edilib".

Onun sözlərinə görə, bundan əlavə, dini maarifləndirmə işi gücləndirilib və respublikanın Cənub, Şirvan, Şimal, Qarabağ, Sumqayıt-Abşeron və Qərb bölgələrində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfranslar keçirilib. Həmin konfransların yekunu olaraq 2 oktyabr 2013-cü ildə Bakıda "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda respublika konfransı təşkil edilib. İlk dəfə olaraq 40-dan çox dini icma "Dini icmaların sosial layihələrinə dəstək proqramı"na cəlb edilib.

DQİDK tərəfindən yaradılan Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilib. Həmçinin Dövlət Komitəsinin bilavasitə təşkilatçılığı və dəstəyi ilə BMT, YUNESKO və Avropa Parlamentinin mənzil-qərargahları da daxil olmaqla Azərbaycanda dini tolerantlığı əks etdirən beynəlxalq foto-sərgilər və konfranslar təşkil olunub, "Azərbaycan İslam incisi" layihəsi həyata keçirilib.

E.İskəndərov həmçinin DQİDK-nın loqosunun təsis edildiyini bildirib. Tədbirdə həmin loqonun təqdimatı da keçirilib.

Loqo səkkizguşəli ulduz formasındadır. Ulduzun içində Azərbaycan Respublikasının Dövlət gerbi və dua şəklində açılmış iki əllə əhatə olunmuş alov şəkli yer alıb. Komitə sədrinin sözlərinə görə, səkkiz guşə Azərbaycanda dini tolerantlığı və dinlər arasındakı münasibətlərin çoxşaxəliliyini göstərir.

Qeyd edək ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein və digər dini icma rəhbərləri iştirak edirlər.

E.İskəndərovun giriş nitqindən sonra tədbir bağlı qapılar arxasında davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti