Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurlar, vətəndaşların mənzillərin alqı-satqısını rəsmiləşdirmək və zəruri arayışı almaq işi asanlaşır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, martın 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (yəni "Forma 1") əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər. Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcək.
Bu, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurları, vətəndaşların mənzillərin alqı-satqısını rəsmiləşdirmək və ya zəruri arayışı almaq işini xeyli asanlaşdıracaq. Yüklülük haqqında arayışların alınması üçün ("Forma 1") notariusa müraciət etmək kifayət edəcək ki, burada həm müraciəti rəsmiləşdirmək, həm də rüsumu ödəmək mümkün olacaq. Notarius orqanları sənədləri elektron şəkildə Dövlət Komitəsinin ərazi idarələrinə göndərəcəklər. Sonradan vətəndaşlar hazırlanmış arayışı götürmək üçün yalnız bir dəfə öz ərazi idarələrinə baş çəkməli olacaqlar. Yaxın gələcəkdə isə notarius orqanları təkrar mənzil alqı-satqısını da rəsmiləşdirə biləcəklər. Notarius real vaxt rejimində Dövlət Komitəsinin məlumat elektron bazasına müraciət edə və alqı-satqı əməliyyatını həyata keçirə biləcək.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov Trend-ə bildirib ki, hələlik bütün dövrlər üçün qeydiyyat vəsiqəsi və digər hüquq müəyyənedici orqanlar tərəfindən mülkiyyətə verilmiş şəhadətnamələr əsasında yox, ancaq 2006-cı ildən sonra verilmiş çıxarışlar əsasında "Forma 1"-in alınmasına şərait yaranacaq: "Axı Dövlət Komitəsində çıxarışları 2006-cı ildən sonra veriblər. 2006-cı ildən sonra verilmiş çıxarış əsasında vətəndaş notariat kontoruna müraciət edəcək. Notarius bazaya daxil olacaq, daha sonra vətəndaşa əmlak üzərində yüklülüyün olub-olmaması barəsində arayışı ("Forma 1") verə biləcək".
İdarə rəisinin sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatına gəlincə, söhbət burada həmin əmlakın alqı-satqısından sonra qeydiyyat vəsiqəsinin alınmasından gedir: "O əməliyyatlar Dövlət Komitəsinin "ASAN xidmət"də fəaliyyət göstərən nümayəndələrinə təqdim olunacaq. Onlar da 5 gün ərzində ona çıxarış verəcəklər. Amma notariat kontorlarında Dövlət Komitəsinin nümayəndələri olmadığından notarius onlayn qaydada "Forma 1"-i alacaq, əməliyyatı aparacaq və əməliyyat barədə məlumatı, eyni zamanda onun kağız variantını Dövlət Komitəsinə göndərəcək. Məsələn, vətəndaş mənzilini övladına hədiyyə etmək istəyirsə, istənilən notariat kontorunda bunu rahat şəkildə həyata keçirə biləcək. O, əmlak barəsində notariusa müraciət edəcək, çıxarışı təqdim edəcək. Çıxarış əsasında notarius elektron bazaya daxil olacaq, əmlak üzərində yüklülüyün olub-olmaması barədə məlumatı, digər əməliyyatı aparmaq üçün qanunvericilikdə tələb olunan sənədlərin hamısını götürəndən sonra əməliyyatı aparacaq. Bundan sonra onlayn rejimdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndəriləcək. Amma "ASAN xidmət" mərkəzindəki notariuslar vasitəsilə əməliyyat aparılan zaman isə kağız variantını elə oradaca Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinə təqdim edə bilərlər ki, sənədi ən qısa müddətdə ala bilsinlər".
M.Soltanov qeyd edib ki, artıq sistem sınaqdan keçirilib. Amma şəbəkə yeni qoşulduğundan kiçik problemlərin də meydana çıxacağı istisna edilmir.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli fərmanla mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması; xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, artıq bu gündən etibarən "ASAN xidmət" mərkəzlərində mənzillərin qeydiyyatı haqqında arayışların ("kupça") verilməsinə başlanıb. Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində artıq müvafiq çıxarışları, mənzil mülkiyyəti hüquqlarının ilkin və ya təkrar qeydiyyatı haqqında texniki pasportları ala bilirlər. Həmin işləri mərkəzlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri həyata keçirirlər. Xidmətlər paralel olaraq Dövlət Komitəsinin struktur bölmələrində də həyata keçirilir.