Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/
Ombudsmanın əməkdaşları Daxili Qoşunların hərbi hissələrinə baxışlar keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Vüqar Heydərov Daxili Qoşunların Şəxsi heyət üzrə idarəsinin Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəis müavini Yenibar Hətəmovla birgə Daxili Qoşunların Gəncə şəhərindəki "N" saylı hərbi hissəsində və Qazax rayonundakı Əlahiddə patrul bölüyündə plan üzrə baxışlar keçiriblər.
Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin müəssisələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.
Hərbi hissənin və Əlahiddə patrul bölüyünün bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı suallar cavablandırılıb.
F.Həsənov respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.