Azərbaycan, Bakı, 16 may /Trend, müxbir S.Əhmədova/
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Work and Travel" proqramı üzrə ABŞ-a yola düşəcək tələbələrlə görüşüb və onlara viza təqdim edib.
Trend-in məlumatına görə, səfir proqram iştirakçılarını təbrik edib və onlara bu işdə uğurlar arzu edib.
R.Morninqstar bildirib ki, bu, çox vacib proqramdır. Səfirin sözlərinə görə, proqramda iştirak edən tələbələr nəinki ABŞ mədəniyyəti ilə tanış olacaq, eyni zamanda Azərbaycanı ABŞ-da təmsil edə və amerikalıları Azərbaycan haqqında məlumatlandıra biləcəklər.
Qeyd edək ki, "Work and Travel" proqramı üzrə ABŞ-a yollanacaq tələbələr həmin ölkədə 3 ay müddətində işlə təmin olunacaq və ölkə ərazisində səyahət etmək imkanı əldə edəcəklər.