Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili Qoşunların (DQ) hərbi hissələrinə keçirilən baxışın nəticələri açıqlanıb.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyinin və FHN-in, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Aparatın əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.
Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, həmin sektorun əməkdaşı Adil Hacıyev və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Vüqar Heydərov FHN-in Baş əməliyyat idarəsinin zabitləri Xəyal Əsgərov və Səbuhi Mirzəyevlə birgə FHN-in Mülki Müdafiə Qoşunlarının Qəbələ və Şəki rayonları, habelə Şirvan şəhərindəki, eyni zamanda, DQ-nin Zaqatala və Şəki rayonlarındakı "N" saylı hərbi hissələrində plan üzrə baxışlar keçiriblər.
Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.
Hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib. Qeyd edək ki, Mülki Müdafiə Qoşunlarının Şirvandakı hərbi hissəsində əsaslı təmir işləri davam etdirilir.
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, ombudsmanın bu istiqamətində fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, coxsaylı suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.