...

Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlər imtahan veriblər

Cəmiyyət Materials 3 İyun 2014 13:04 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib.
Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlər imtahan veriblər

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib.

Trend-in məlumatına görə, şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin İdman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi, 5 ünvanında saat 10:00-da başlanıb.

Müsabiqədə iştirakla bağlı 390-a yaxın hüquqşünas müraciət edib. Vakant ştat vahidləri isə əsasən Ədliyyə Nazirliyinin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir.

Ədliyyə Nazirlyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov bildirib ki, imtahanım gedişi internet vasitəsilə Ədliyyə Nazirlyinin rəsmi saytında canlı olaraq birbaşa yayımlanır. Bundan əlavə, imtahanın gedişi ictimai təşkilatların nümayəndələri tərəfindən də əyani olaraq müşahidə edilir.

O, həmçinin qeyd edib ki, imtahanda iştirak edən namizdələrin 50 faizi əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarından başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə deyib ki, 3 saat davam edən imtahandan sonra cavablar 2 saat ərzində yoxlanılıb elan olunacaq.

Qeyd edək ki, ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin fevral ayından başlanmış sənəd qəbulu may ayının 26-da başa çatıb. Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına kömək məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.

Qaydalara əsasən, test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti