Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlkin İzzət/
Ombudsman Aparatının əməkdaşları ön cəbhədəki hərbi postlara baxış keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın baş məsləhətçisi Vüqar Heydərov Müdafiə Nazirliyinin məsul əməkdaşı Emin Səfərovla birgə Müdafiə Nazirliyinin Qazax, Tovuz, Gədəbəy, Daşkəsən və Göygöl rayonları ərazisindəki hərbi hissələrin düşmənlə təmas xəttində yerləşən bir sıra döyüş növbəçəkmə postlarında plan üzrə baxışlar keçiriblər.
Baxışlar zamanı şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, xüsusilə modul tipli yataqxanaların istifadəyə verilməsi, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, coxsaylı suallar cavablandırılıb.
Respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində tədbirlərin əhəmiyyəti vurğulanıb.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında insan hüquqları sahəsində hazırlanmış çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.
Baxışlar zamanı hərbi hissələrdə bir neçə hərbi qulluqçunun şifahi müraciətləri dinlənilib, onlara hüquqları və Müvəkkilin səlahiyyətləri izah edilib.
Belə tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə, hospitallara və hərbi məktəblərə başçəkmələri müntəzəm qaydada davam etdirilir.
Başçəkmələrin əsas məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanışlıq və həmin hərbi obyektlərdə insan hüquqlarının təmin olunması vəziyyətini öyrənməkdir.