...

Daxili Qoşunların komandanı xidmətə yeni qəbul olunan gənc əsgərlərlə görüşüb

Cəmiyyət Materials 21 İyul 2014 20:20 (UTC +04:00)
Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov "N" saylı hərbi hissədə xidmətə yeni qəbul olunan gənc əsgərlərlə görüşmüşdür.
Daxili Qoşunların komandanı xidmətə yeni qəbul olunan gənc əsgərlərlə görüşüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov "N" saylı hərbi hissədə xidmətə yeni qəbul olunan gənc əsgərlərlə görüşmüşdür.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandan Daxili Qoşunların qarşısında duran vəzifələr haqqında geniş məlumat vermiş, xidmətə məsuliyyətlə yanaşmağı tövsiyə etmiş, onların məişət şəraiti, sağlamlığı, qidalanmanın keyfiyyəti ilə maraqlanmışdır.

Respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişafdan danışan general-mayor Ş.Məmmədov DİN-in Daxili Qoşunlarının formalaşmasında, yüksək döyüş hazırlığına gətirilməsində ümummilli lider Heydər Əliyevin çox böyük əməyinin olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, qarşıya çıxan qəfləti tapşırıqları böyük peşəkarlıqla yerinə yetirən Daxili Qoşunlar hər zaman ulu öndərin xüsusi diqqət və qayğısını hiss etmişdir: "Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında Daxili Qoşunlar haqqında müsbət fikirlər söyləmişdir. Qoşunlara göstərilən ali diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ölkə Prezidenti hər dəfə Daxili Qoşunların hərbi hissələrində olarkən əsgərlər üçün yaradılmış hərtərəfli şəraitdən məmnun olduğunu bildirmiş və hərbi qulluqçularımızın döyüş hazırlığını, xidməti-döyüş fəaliyyətini yüksək qiymətləndirmişdir".

Qoşunların qarşısında duran vəzifələr barədə əsgərləri məlumatlandıran general-mayor Ş.Məmmədov bildirmişdir ki, Daxili Qoşunların vəzifələri 8 fevral 1994-cü il tarixli "Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir: "Bu qanuna uyğun olaraq, Daxili Qoşunlar ona həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən qoruyur.

Komandan Daxili Qoşunlarda xidmətin yüksək səviyyədə qurulmasından, ölkədə bərqərar olan əminamanlıqdan və sabitlikdən də danışmışdır: "Ölkəmizdə insanların normal yaşaması üçün hər cür şərait yaradılıb. Sabitlik hökm sürür. Azərbaycan iqtisadi inkişaf tempinə görə qabaqcıl ölkələrin sırasında dayanır. Ona görə də ölkəmizin hər qarış torpağının qədrini bilməli, onun müdafiəsi naminə canımızdan belə keçməyə hazır olmalıyıq".

Sonra general-mayor Ş.Məmmədov qoşunlarda xidmət edən hərbi qulluqçuların yüksək peşə hazırlığına malik olmasının vacibliyini gənc əsgərlərin diqqətinə çatdırmışdır: "Daxili Qoşunlarda xidmət edən hər bir əsgər yüksək peşə hazırlığına malik olmalı, Vətənə, dövlətə sadiqlik nümayiş etdirməlidir. Bunun üçün nə lazımdır? Hərb sənətinin incəliklərini öyrənməli, təhkim olunmuş silahın taktiki-texniki xüsusiyyətlərini mükəmməl bilməli, ondan istifadə qaydalarını bacarmaq lazımdır. Bununla yanaşı, əsgər birinci növbədə özünə qəti şəkildə inanmalı, yüksək intizama və döyüş ruhuna malik olmalıdır".

Xidmətin ilk günlərindən hərbi nizamnamələrdə əks olunan qaydalara ciddi riayət etməyin vacibliyini vurğulayan Daxili Qoşunların Komandanı nəzərə çatdırdı: "Bizim əsgərlər ən intizamlı, nümunəvi əsgərlərdir. Çalışın sizlər də bu nizam-intizamı qoruyub saxlayasınız. Komandirlərin bütün əmr və göstərişlərinə əməl edin. Unutmayın ki, xidmətdə hər şey nizamnamələrin tələbləri səviyyəsində icra olunur. Nizamnamədən kənar hərəkətlər yolverilməzdir".

Daxili Qoşunların Komandanı silah-sursatlarla son dərəcə ehtiyatla davranmağı əsgərlər qarşısında tələb kimi qoyaraq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tapşırmışdır: "Bir qayda olaraq, təhlükəsizlik qaydalarına ciddi əməl etməlisiniz. Təlimlərdə, məşğələlərdə fəal olmağa çalışın. Fiziki hazırlığınıza xüsusilə fikir verin".

O, hərbi qulluqçular arasındakı qarşılıqlı münasibətlərə də toxunaraq əsl dostluğun məhz xidmət dövründə yarandığını bildirmişdir: "Daxili Qoşunlarda xidmət eyni zamanda möhkəm kollektivçilik, mehribançılıq əsasında təşkil olunub. Daxili Qoşunlar bir ailədir, hər bir əsgər bu ailənin üzvüdür. Əsgər yoldaşlarınızı ziyanlı vərdişlərdən çəkindirməyə çalışın. Yoldaşınızın səhvini dostcasına düzəltmək lazımdır. Hər hansı probleminiz olarsa, manqa komandirlərinə dərhal məlumat verin. Bir-birinizi başa düşməyə çalışın, yaddan çıxarmayın ki, bir Vətənin övladlarısınız. Biz bu gün öz doğma Vətənimizi qoruyuruq. Vətəni qorumqdan şərəfli heç nə ola bilməz!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti