...

"Miss Globe International" Beynəlxalq Gözəllik müsabiqəsinin detalları məlum oldu

Cəmiyyət Materials 24 İyul 2014 17:58 (UTC +04:00)
Avqustun 23-ü Bakıda əsrarəngiz "Crystall Hall"da baş tutacaq dünyanın ən prestijli gözəllik müsabiqəsi - "Miss Globe International" yarışmasına hazırlıqlar sürətlə davam edir.
"Miss Globe International" Beynəlxalq Gözəllik müsabiqəsinin detalları məlum oldu

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Avqustun 23-ü Bakıda əsrarəngiz "Crystall Hall"da baş tutacaq dünyanın ən prestijli gözəllik müsabiqəsi - "Miss Globe International" yarışmasına hazırlıqlar sürətlə davam edir.

Yarışmanın təşkilatçısı "Signs ART Adventure" şirkətinin rəhbəri Nigar Məmmədova yarışmanın detallarını açıqlayıb: "Yarışmada Azərbaycanı təmsil edəcək gözəlimiz Banu Şücai hazırda qızğın məşq prosesi keçir. Lakin təmsilçimiz öz peşəkarlığını artırmaq və final gecəsi qüsursuz səhnə performansı nümayiş etdirmək üçün məşqlərini Türkiyədə professional xoreoqraflarla davam etdirəcək. Bu məqsədlə "Miss Globe Azərbaycan" komandası avqustun əvvəlində Türkiyəyə yola düşəcək. Təmsilçimiz Banu Şücai və dünya şöhrətli xoreoqrafların iştirakı ilə Türkiyə mediası üçün mətbuat konfransı da keçiriləcək".

N.Məmmədova müsabiqənin təşkilati hissəsində baş verən dəyişiklikdən də danışıb: "Bakıda keçiriləcək 89-cu "Miss Globe International" Beynəlxalq Gözəllik yarışmasının təşkilatçılarında biri "Merac" prodakşn bəzi texniki səbəblərə görə yarışmanın təşkilatçılığından uzaqlaşdırılıb. Bu yarışma irimiqyaslı və ciddi yarışmadır. Burada hər şeydən öncə Azərbaycanın adı təmsil olunur. Bunun üçün hər kəs öz məsuliyyətini dərk etməli və işinə ciddi yanaşmalıdır".

O bildirib ki, final gecəsinin möhtəşəm olması üçün əsas təşkilati işlərlə Türkiyədən gəlmiş "Miss Globe International" komandası birbaşa məşğul olacaq.

89-cu "Miss Globe International" Beynəlxalq Gözəllik müsabiqəsi öz qonaqları ilə də uzun müddət yadda qalacaq. Avqustun 23-ü möhtəşəm final mərhələsində iştirak etmək üçün türkiyəli məşhurlardan "Kurtlar vadisi" serialında Memati obrazı ilə tanıdığımız aktyor Gürkan Uygun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, Kaan Gülsoy, rumıniyalı qrup "Radio Killer" və müğənni İnna, rusiyalı müğənni Lolita və digər məşhurlar Bakıya gələcəklər.

Məlumat üçün bildirək ki, "Miss Globe International" müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq "Gözəllik Kraliçası" seçilib.

89-cu "Miss Globe International" 2014-cü il avqustun 23-də ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Müsabiqə 72 ölkədə canlı yayımlanacaq.

Xatırladaq ki, 120 ölkənin iştirak edəcəyi "Miss Globe International" Gözəllik müsabiqəsinin təşkilatçısı "Signs ART Adventure" şirkəti, layihənin baş sponsoru isə "Xəzər Adaları" (Khazar İslands) layihəsidir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti