...

Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçirilib

Cəmiyyət Materials 16 Avqust 2014 17:44 (UTC +04:00)
Avqustun 16-da DİN-in Daxili Qoşunlarının Bakı şəhərin də və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilmişdir.
Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Avqustun 16-da DİN-in Daxili Qoşunlarının Bakı şəhərin də və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilmişdir.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata gtörə, mərasimdə Daxili Qoşunların Baş İdarəsindən yüksək rütbəli hərbi qulluqçular, qoşunların Veteranlar Şurasının üzvləri, həmçinin əsgər valideynləri iştirak etmişlər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, tədbirin rəsmi hissəsi açıq elan olunmuşdur.

Nümunəvi-Göstərici Hərbi Orkestrin ifası ilə Döyüş Bayrağı sıra meydanına gətirildikdən sonra Daxili Qoşunların yaranma tarixi, döyüş yolu, inkişaf və quruculuq dövrü barədə mərasim iştirakçılarına geniş məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, hərbi xidmət keçmək Azərbaycanın vətənpərvər oğullarının şərəf borcudur. Gənc əsgərlərə xitabən vurğulanmışdır ki, Vətənimiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə hər an hazır olmalıyıq. Hərbi andın mahiyyəti də məhz bundan ibarətdir.

Gənc əsgərlər hərbi anda gətirilərək Vətənə sədaqət andı içdikdən sonra şəxsi heyətə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının təbriki çatdırılmışdır.

Daxili Qoşunların Komandanının hərbi and içmələri münasibətilə gənc əsgərlərə ünvanlanmış təbrikində hər bir əsgərin Vətənə layiqli övlad olacağına inam ifadə edilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev məktəbinin davamçısı Respublika Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrin, o cümlədən Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğı və diqqət sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırır: "Hərbi and içərək Respublikamızın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə hər biriniz bu müqəddəs andın mənasını tam dərk etməlisiniz. Bu gün hər bir vətəndaşın təhlükəsizliyi, hər qarış torpağımızın müqəddaratı məhz sizin nümunəvi xidmətinizdən asılıdır".

Daxili Qoşunların sıralarına yeni daxil olmuş gənclərimizin Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaqları, dövlətçiliyimizin qorunması, inkişafı və tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəkləri də təbrikdə əks olunmuşdur.

Tədbirdə çıxış edən digər natiqlər ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, Hərbi andın şərəf və məsuliyyətindən, eləcə də Daxili Qoşunlarda yaradılan hərtərəfli şəraitdən söhbət açmışlar.

Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti