...

Bakıda region gəncləri üçün təlim keçiriləcək

Cəmiyyət Materials 26 Avqust 2014 15:47 (UTC +04:00)
"Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyi (DANİB) region gənclərini Bakıya toplayacaq.
Bakıda region gəncləri üçün təlim keçiriləcək

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Səidə Ağayeva/

"Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyi (DANİB) region gənclərini Bakıya toplayacaq.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, avqustun 27-31 tarixlərində keçiriləcək təlimdə ölkənin Şəmkir, Gəncə, Kəlbəcər, Bərdə, Qəbələ, Tovuz, Lənkəran və digər şəhər və rayonlarını təmsil edən 25 gənc iştirak edəcək.

5 gün müddətində davam edəcək təlimdə iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça, poster və digər təbliğat materialları təqdim olunacaq.

Təlim kursları hazırlanmış proqrama uyğun olaraq bu sahədə beynəlxalq təcrubəsi olan yerli ekspert tərəfindən aparılacaq.

DANİB sədri Elməddin Behbud bildirib ki, sivilizasiyalararası dialoq, multikulturalizm dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir: "Azərbaycan dünyada bu baxımdan güclü ənənələrə, potensiala və inkişaf xəttinə malik bir ölkə kimi dəyərləndirilməkdə və tanınmaqdadır. "Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə" layihəsi bir daha ölkəmizin bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin təbliği məqsədi daşıyır".

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DANİB-in həyata keçirdiyi "Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə" layihəsi sülh şəraitində birgə yaşamaq, qarşılıqlı inam və mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasını hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti