1994-cü il sentyabrın 20-də Bakıda, "Gülüstan" Sarayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış neft şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş imzalandı və həmin sənəd, sonradan tariximizə "Əsrin müqaviləsi" kimi əbədilik həkk olundu. Bu saziş ümummilli lider Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının əzəmətli təntənəsinin başlanğıcı oldu və sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açdı.
Şərqdə Günəş kimi doğan Azərbaycan parlaq şəfəqləri ilə nur saçır, çiçəklənir, yenilənir, sürətlə zirvələrə yol açır, uğurları, nailiyyətləri ilə dünyanı heyrətə gətirir. Dünya Azərbaycanlıları bir bayraq altında daha sıx birləşir, qüdrətli, nüfuzlu ölkə ilə, müdrik rəhbər, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə fəxr edir, qurur duyurlar.
Azərbaycanın bütün regionları inkişaf edir, müasirləşir. Yeni tibb müəssisələri, diaqnostika mərkəzləri, məktəblər, mədəniyyət ocaqları, idman obyektləri tikilir, gözəl və yaraşıqlı park və xiyabanlar, küşə və prospektlər genişləndirilir, insanlar firavan, rahat həyat yaşayır, daha parlaq, xoşbəxt gələcəkləri üçün yüksək əhval-ruhiyyə ilə çalışır, dünyanın Ən Böyük Azərbaycanlısı, dahi Heydər Əliyevin unudulmaz xatirəsini Vətənə möhtəşəm töhfələri ilə əziz tutur, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını, etimadını şərəflə doğruldurlar. Bütün nailiyyətlərin, genişvüsətli tərəqqinin, firavanlığın təməlində ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin bəhrəsi olan əfsanəvi neft kontraktı-"Əsrin müqaviləsi" dayanır.
"Əsrin müqaviləsi" təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Ümumdünya neft sənayesi tarixində yeni bir mərhələ başlandı. Ulu öndər Heydər Əliyev strategiyanı belə səciyyələndirirdi: "Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur."
1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə özlüyündə qeyri-neft sektorunun da inkişafını təmin etdi. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Məhz bu layihədən əldən olunan gəlir sayəsində Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı, müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasını şərtləndirdi. Bu da nəticə etibarilə, ölkəmizdə regionların social-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların, konsepsiyaların reallaşmasına şərait yaratdı.
Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. Enerji müstəqilliyimiz tam təmin olunub.Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilib. İlk dəfə olaraq, Azərbaycanın yaratdığı şərait sayəsində Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Həmin vaxt ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin ən iri neft şirkətlərinin cəlb olunduğu "Əsrin müqaviləsi" Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan enerji siyasətinin zirvəsini təşkil edir.
Ulu öndər Heydər Əliyev müqavilənin imzalanması mərasimindəki tarixi nitqində həmin hadisəni bu cür qiymətləndirib: "Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər". "Əsrin müqaviləsi"nin həyata keçirilməsi Azərbaycanda təkcə neft sənayesinin deyil, bütün sahələrin inkişafına səbəb olub. Elə ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də neftdən gələn gəlirlərin köməyi ilə digər sahələrin sürətli inkişafına nail olmaqdır. Bu nöqteyi-nəzərdən, neft strategiyasının səmərəli şəkildə həyata keçirilməsini təsdiq edən ən mühüm göstəricilərdən biri 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılmasıdır. Fonda daxil olan neft gəlirləri planlı və sistemli şəkildə ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilir.
Bu gün ölkədə regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində görülən əsaslı tədbirlərin, təhsil, səhiyyə, idman və digər sahələrin inkişafına dövlət dəstəyinin, özəl sektorun makroiqtisadiyyatda rolunun artmasına şərait yaradan tədbirlərin gerçəkləşdirilməsinin maliyyə əsaslarının böyük hissəsini neftdən gələn gəlirlər təşkil edir. Həmçinin, Azərbaycanın artan maliyyə imkanları sayəsində əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, yeni iş yerlərinin yaradılması ilə işsizliyin səviyyəsi ən aşağı həddə endirilib. Hərtərəfli düşünülmüş neft strategiyasının uğurla reallaşması nəticəsində Azərbaycan 20 il ərzində bir əsrlik inkişaf yolunu qət edib.
Prezident cənab İlham Əliyev müqavilənin imzalandığı dövrün çətinliklərinə əsasən Ulu öndərin bu nailiyyətini cəsarətli addım kimi səciyyələndirib: "Mən qeyd etmək istəyirəm ki, bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın, həqiqətən, müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir".
"Əsrin müqaviləsi"nin imzalanması ilə, ilk növbədə, xarici şirkətlərin ölkəmizə marağı daha da artdı. İlk vaxtlarda xarici investisiyalar əsasən enerji sektoruna yatırılırdısa, sonradan Azərbaycanın iqtisadi potensialının bütün sahələrdə geniş olduğunu görən xarici şirkətlər digər sferalara da böyük həcmdə maliyyə yatırımları etməyə başladı. Bu gün Azərbaycanla dünyada hesablaşırlar. Azərbaycan müstəqilliyini qoruyub saxlayır, məqsədyönlü fəaliyyətini davam etdirir, daha yüksək zirvələrə yol açaraq, böyük xalqların görmədiyi layihələri, yenilikləri həyata keçirməyə, nailiyyətləri yaşatmağa qadir olan bir dövlətdir.